Əsas Səhifə > Manşet / Ölkə > Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır

Naxçıvanda Zəngəzur dəhlizini tikənlər beş aydır maaş almır


Bu gün, 11:27

Naxçıvanda Zəngəzur dəhlizi layihəsində çalışan bir qrup işçi beş aydır maaş ala bilmədiklərindən şikayətlənir.
Onlar “AzVirt” şirkətinin Ordubad rayonundakı Salamməlik stansiyası ərazisində həyata keçirdiyi tikinti işlərində podratçı şirkətlər vasitəsilə çalışıblar.
Şikayətçilərin sözlərinə görə, “AzVirt” görülmüş işlərə görə podratçı şirkətlərə ödəniş etmədiyi üçün həmin şirkətlər də işçilərin əməkhaqlarını verə bilmirlər.
Fəhlələr layihənin ən ağır fiziki işlərini yerinə yetirdiklərini bildirirlər.
İşçilərdən R. Məmmədov bildirir ki, müqaviləyə əsasən ustalara və qəlibçilərə gündəlik 60 manat, fəhlələrə isə 30–40 manat əməkhaqqı nəzərdə tutulub:
“Salamməlik stansiyası ərazisində işlərə başlananda burada işə düzəldik. Sevindik ki, nəhayət, işimiz var.
Qəlibçi və dəmirçi kimi ən ağır işləri görmüşük. Aradan aylar keçməsinə baxmayaraq, əməkhaqqımızı hələ də ala bilməmişik. Bizə deyirlər ki, ‘AzVirt’ podratçı şirkətlərə ödəniş etmədiyi üçün maaşlarımız verilə bilmir. Dəfələrlə müraciət etmişik, amma problem həll olunmur.”.
R. Məmmədov deyir ki, maaş alacağına güvənərək problemlərini həll etmək üçün bankdan kredit götürüb:
“Hamımız ailə saxlayırıq. Kredit ödəyənimiz, aliment verənimiz var. İşlədiyimə arxayın olub bankdan kredit götürmüşəm. İndi bank borcu tələb edir, kreditin üzərinə isə durmadan faiz gəlir.”
Digər işçi E. Hüseynov isə əməkhaqqını ala bilmədiyi üçün üç aydır aliment ödəyə bilmədiyini və buna görə məhkəmə icraçıları tərəfindən sıxışdırıldığını bildirib:
“Ayda 400 manat aliment ödəyirəm. Üç aydır bunu edə bilmirəm. Məhkəmə icraçıları məni sıxışdırır, həbslə hədələyirlər. Biz isə işləyib qazandığımız pulu ala bilmirik”.
Şikayətçilər aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi, “AzVirt”in podratçı şirkətlərə ödəniş etməməsi ilə bağlı iddiaların araşdırılmasını və işçilərin əməkhaqlarının verilməsinin təmin olunmasını tələb edirlər.
"Gündəlik Naxçıvan"

Geri qayıt