Əsas Səhifə > Manşet / Ölkə > "3 dəfə mağazaya getmişik, dəfələrlə zəng etmişik..."

"3 dəfə mağazaya getmişik, dəfələrlə zəng etmişik..."


Bu gün, 10:49
"“Alo Hədiyyələr” mağazası ilə bağlı yaşadığım problemi digər müştərilərin də məlumatlı olması üçün paylaşmaq istəyirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Şükufə Mirzəyeva adlı istifadəçi yazıb.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "27 iyun 2026-cı il tarixində Əhməd Rəcəbli küçəsi 42 ünvanında yerləşən “Alo Hədiyyələr” mağazasından masaüstü suvenir sifariş etmiş və ödənişi POS-terminal vasitəsilə tam ödəmişəm. Məhsulun 28 iyunda hazır olacağı bildirilsə də, sifarişim razılaşdırılmış vaxtda təhvil verilməyib.
Hazırlanma prosesində əvvəlcə gerb səhv vurulub, daha sonra soyad düzgün yazılmayıb. Sonradan isə sifarişimin səhvən başqa sifariş kimi ucqar bir kəndə göndərildiyi bildirilib. Sifarişin təhvil veriləcəyi ilə bağlı dəfələrlə müxtəlif tarixlər deyilsə də, verilən vədlər yerinə yetirilməyib.
Bu müddət ərzində 3 dəfə mağazaya getmişik, dəfələrlə zəng etmişik. Ödənişimin geri qaytarılmasını tələb etsəm də, tələbim təmin olunmayıb. Problemi həll etmək üçün administratorla əlaqə saxlamaq və görüşmək istəsəm də, buna şərait yaradılmayıb.
Şikayətimlə bağlı Instagram səhifələrində yazdığım şərhlər silinib və məni bloklayıblar.
Bütün votsap yazışmaları, ödəniş qəbzi, sifariş məlumatları və verilən vədlər tərəfimdən sübut kimi saxlanılır. Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi müraciət etmişəm..."

Geri qayıt