Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR...
Başçı rəssama olan borcunu icra nümayəndələrinə ÖDƏTDİRİR...Bu gün, 11:30 |
|
Babəkdə rayon rəhbərinin rəssama borcunu ödəmək üçün icra nümayəndələrindən pul toplandığı bildirilir. “Gündəlik Naxçıvan”a danışan nümayəndələrin sözlərinə görə, bu məqsədlə onların hər birindən məcburi qaydada 200 manat tələb olunub. Pulu verməkdən imtina edənlərin isə təhdid edildiyi və işdən çıxarılmaqla hədələndiyi iddia olunur.
Adının çəkilməsini istəməyən icra nümayəndələrindən biri deyir ki, pulu olmadığı üçün tələb olunan məbləği qonşudan borc alaraq ödəyib:
“Rayondakı idarələrə asmaq üçün Heydər Əliyev və İlham Əliyevin portretləri sifariş olunub. Bunun üçün başçı büdcədən beşqat artıq pul silib, cibinə qoyub. Portretlər hazır olandan sonra isə rəssamın 8 min manata yaxın pulunu verməyib. Halbuki bu məqsədlə büdcədən 40 min manata yaxın pul silib.
Borc məsələsi mətbuatda ictimailəşdikdən sonra əl-ayağa düşüb. Ancaq yenə də portretlər üçün büdcədən silinən pulun bir qismini verməyə əli gəlməyib, bizdən pul yığmağa başlayıb.
Mən şəxsən qonşudan borc aldım, verdim, burunlarından gəlsin. O pula nəvəmə məzun forması ala bilərdim, amma həmin pulu gətirib bura verdim. Uşaq tədbirdə normal iştirak edə bilmədi”.
Adının çəkilməsini istəməyən digər icra nümayəndəsi isə deyir ki, pul verməkdən imtina etdikdə onu töhmətlə hədələyiblər:
“Rayonda 28 nümayəndəlik var və hamısından pul yığıldı. Bizə dedilər ki, idarələriniz üçün portretlər çərçivəyə salınıb, pulu özümüz qarşılamalı idik, amma edə bilmədik, indi siz ödəməlisiniz.
Əslində, dörd ay əvvəl rəhbərlik bu pulu bələdiyyələrdən yığmağı tapşırmışdı. Ancaq Ramil Allahyarov pulu yığa bilmədi, məsələ uzandı. Siz bunu efirə verəndən sonra artıq pulu bizdən toplamağa başladılar.
Bir həftə vaxt verildi ki, hər nümayəndə 200 manat ödəməlidir. Şöbə müdiri Ramil Allahyarov bu pulları hədə-qorxu ilə hamımızdan topladı. Dedi ki, verməsəniz, töhmət verdirəcəyəm, işdən çıxaracağam”.
Geri qayıt |