Kanalımıza müraciət edən Əbdül Abdullayev bildirib ki, o, Laçın rayon sakinidir və hazırda Şəki rayonunda məskunlaşıb. Şikayətçinin sözlərinə görə, Şəki Regional Məşğulluq Filialının müdiri Abdulla Kərimov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaşlara qarşı qanunsuz hərəkətlərə yol verir, onlarla kobud və alçaldıcı rəftar edir. Əbdül Abdullayev iddia edir ki, 2024-cü ilin avqust ayında Məşğulluq xidməti tərəfindən ona özünüməşğulluq proqramı çərçivəsində 21 baş xırdabuynuzlu heyvan təqdim edilib. Lakin qısa müddət sonra həmin heyvanlardan ikisi tələf olub. Bundan sonra qalan 19 baş heyvan da geri götürülərək onların sağlam heyvanlarla əvəz olunacağı bildirilib. Şikayətçi qeyd edir ki, baş verənləri sosial şəbəkələrdə ictimailəşdirdikdən sonra filial müdiri Abdulla Kərimov tərəfindən təzyiqlərlə üzləşib. Onun iddiasına görə, filial müdiri onu otağına çağıraraq paylaşdığı videonun həqiqətə uyğun olmadığını deməyə və bunu təsdiqləyən yeni video çəkməyə məcbur edib. Əbdül Abdullayev daha sonra bildirir ki, Abdulla Kərimov ona qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə edib, alçaldıcı davranışlar nümayiş etdirib, habelə psixoloji təzyiq göstərərək hədə-qorxu gəlib. Şikayətçi bununla bağlı aidiyyəti dövlət qurumlarına dəfələrlə müraciət etdiyini, lakin indiyədək heç bir nəticə əldə olunmadığını bildirir. Əbdül Abdullayev kanalımız vasitəsilə aidiyyəti dövlət qurumlarına müraciət edərək səsləndirdiyi iddiaların hərtərəfli araşdırılmasını, məsul şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsini və qanunamüvafiq tədbirlərin görülməsini xahiş edir.