Əsas Səhifə > Manşet / Hadisə > Zülfəlinin DAHA BİR QURBANI...
Zülfəlinin DAHA BİR QURBANI...Bu gün, 08:20 |
|
Redaksiyamıza daxil olan müraciətlərdə bildirilir ki, xüsusilə paytaxtın ən bahalı ərazilərində yerləşən yaşayış evlərinin sakinlərinə təklif edilən kompensasiyalar həmin ərazilərdə yeni mənzil almaq üçün kifayət etmir. Sakinlərin sözlərinə görə, razılıq vermədikləri halda müxtəlif təzyiq üsullarına əl atılır, nəticədə onlar uzun illər yaşadıqları evləri tərk etməyə məcbur qalırlar.
Müraciətlər arasında diqqət çəkən məsələlərdən biri də Bəşir Səfəroğlu küçəsi 78 ünvanında yaşayan Tatyana Aqafonovanın vəziyyətidir. Onun bildirdiyinə görə, təklif olunan kompensasiyanın məbləği ilə razılaşmadığı üçün evi sökülüb, şəxsi əşyaları yararsız vəziyyətə düşüb və yaşayış yerini tərk etməkdən başqa seçim qarşısında qalmayıb. Belə hallarda əsas hüquqi sual ondan ibarətdir ki, dövlət və ya tikinti layihəsini həyata keçirən qurumlar vətəndaşın mülkiyyət hüququnu hansı həddə qədər məhdudlaşdıra bilər? Qanunvericiliyə əsasən, mülkiyyət hüququ toxunulmazdır və dövlət ehtiyacları üçün əmlak yalnız qanunla müəyyən edilmiş qaydada, əvvəlcədən və ədalətli kompensasiya ödənilməklə özgəninkiləşdirilə bilər. Eyni zamanda, hər bir vətəndaşın məhkəməyə müraciət etmək və hüquqlarının müdafiəsini tələb etmək hüququ var. Ekspertlər hesab edirlər ki, şəhərsalma layihələrinin uğuru yalnız yeni binaların inşası ilə ölçülməməlidir. Əgər yenidənqurma prosesi insanların hüquqlarının pozulması, sosial narazılığın artması və dövlət institutlarına inamın azalması ilə müşayiət olunursa, bu zaman layihələrin sosial nəticələri də ciddi qiymətləndirilməlidir. Məsələnin digər tərəfi isə şəffaflıqdır. Hansı binaların təhlükəli hesab edildiyi, söküntü qərarlarının hansı ekspert rəylərinə əsaslandığı, kompensasiyanın hansı meyarlarla hesablandığı və sakinlərin etirazlarının necə araşdırıldığı barədə ictimaiyyətə dolğun məlumat verilməsi həm hüquqi mübahisələrin, həm də sosial gərginliyin qarşısını ala bilər. Bu gün Bakıda aparılan yenidənqurma işləri təkcə memarlıq və şəhərsalma məsələsi deyil, həm də insan hüquqları, mülkiyyət toxunulmazlığı və dövlət-vətəndaş münasibətlərinin sınağı kimi qiymətləndirilir. Şəhərin simasının yenilənməsi vacib olsa da, bu prosesin hüququn aliliyi, şəffaflıq və vətəndaşın ləyaqətinə hörmət prinsipləri əsasında həyata keçirilməsi cəmiyyətin əsas gözləntisi olaraq qalır. Gundemxeber.com redaksiyası olaraq, mövzu ilə bağlı adı çəkilən dövlət qurumlarının və digər aidiyyəti tərəflərin mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk. /Gundemxeber.com "DİA-AZ" xatırladır ki, neçə müddətdir ki, paytaxt Bakıda Bayırşəhər adlanan ərazidə söküntü işləri həyata keçirilir və bu da böyük narazılıqla müşaiyət olunur. Bütün bu proseslərə isə Zülfəli adlı şəxs (Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Zülfəli İsmayılov) rəhbərlik edir. Və sakinlərin əsas etirazı da məhz ona ünvanlanıb... Geri qayıt |