|
"Gəncə Dövlət Universitetində artıq ikinci dəfə akkreditasiya aparılmasına baxmayaraq, bu günədək yekun nəticə ilə bağlı heç bir rəsmi məlumat verilməyib. Halbuki akkreditasiya zamanı Elm və Təhsil Nazirliyi tərəfindən universitetə təqdim olunmuş bütün iradlar yerində qalır və onların heç biri aradan qaldırılmayıb..." "DİA-AZ" xəbər verir ki, bu barədə GDU müəllimləri adından ölkə rəhbərliyinə ünvanlanan müraciətdə deyilir. Bir nüsxəsi də "DİA-AZ"a göndərilən müraciətdə daha sonra deyilir:
YAZININ ƏVVƏLİ BURADA: Gəncə Dövlət Universitetində NƏ İŞLƏR ÇEVRİLİR?.. - İTTİHAM VAR...
"Hazırda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları universitetin nəzdində fəaliyyət göstərən Regional Kollecdə yoxlamalar aparırlar. Yoxlamalar zamanı məlum olub ki, Zaur Hüseynzadənin dekanı olduğu Pedaqoji fakültənin əyani şöbə üzrə III kurs tələbəsi həmin kollecdə müəllim kimi fəaliyyət göstərir. Bu fakt aşkar olunsa da, indiyədək heç bir tədbir görülməyib. Halbuki belə faktların sayı kifayət qədər çoxdur. Gəncə Dövlət Universitetində idman ixtisasları üzrə maddi-texniki baza və müasir idman avadanlıqları demək olar ki, yoxdur. Buna baxmayaraq, hər il idman ixtisaslarına qəbul planı artırılır. Maddi-texniki baza mövcud olmadığı halda, keyfiyyətli mütəxəssis hazırlığının necə həyata keçirildiyi ciddi suallar doğurur. Universitetlə bağlı aidiyyəti dövlət orqanlarına dəfələrlə şikayətlər göndərilməsinə baxmayaraq, indiyədək heç bir ciddi tədbir görülməyib. Bu vəziyyət isə həmin şəxslərin özlərini daha da cəzasız hiss etmələrinə səbəb olur. Rektor Yusif Yusibov Kimya kafedrasının əməkdaşı olduğu üçün Kimya fakültəsinin əməkdaşlarına xüsusi imtiyazlar yaradılıb. Müxtəlif adlar altında həmin fakültənin əksər əməkdaşlarına digər fakültələrin əməkdaşlarından fərqli olaraq daha yüksək əməkhaqqı və əlavə ödənişlər verilir. Universitetdə professor-müəllim heyətinin əməkhaqqı artırılmır. Uzun müddətdir ki, universitetdə tədris işləri üzrə prorektor vəzifəsi vakantdır. Buna baxmayaraq, rektor özünə ən yaxın şəxslərdən biri olan, tədris sahəsində kifayət qədər təcrübəsi olmayan İsfəndiyar Alverdiyevi daxili əmrlə prorektor kimi fəaliyyət göstərməyə cəlb edib. Halbuki prorektor vəzifəsinə təyinat Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilməlidir. İsfəndiyar Alverdiyevin özü də bilir ki, onun prorektor kimi rəsmi təyinat əmri yoxdur. Buna görə də o, hələ də dekan kimi fəaliyyət göstərir və universitetdə prorektor vəzifəsinə təyin olunmaq üçün verdiyi şirinliyi geri ala bilmir. Universitetdə nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələri dərc olunan, elmi nailiyyətlər qazanan müəllimlərə stimullaşdırıcı əməkhaqqı verilməli olduğu halda, bu vəsaitlər rektorun yaxın hesab etdiyi şəxslər arasında bölüşdürülür. Azərbaycanın ali məktəblərinin demək olar ki, hamısında semestr imtahanları yazılı formada keçirilir. Lakin Gəncə Dövlət Universitetində imtahanlar test üsulu ilə təşkil edilir. Testlərin düzgün cavabları əvvəlcədən rektorluğun göstərişi ilə tələbələrə təqdim olunur. Nəticədə tələbələrin əksəriyyəti yüksək qiymət alır. Məsələn, Riyaziyyat müəllimliyi ixtisasında təhsil alan 25 tələbədən 23-ü "A", 2-si isə "B" qiyməti alır. Halbuki həmin tələbələr yazılı imtahan versələr, onların təxminən 40–50 faizi kəsilər. Bu sistem nəticəsində cəmiyyət üçün kifayət qədər hazırlıqlı olmayan kadrlar yetişdirilir..."
DAVAMI VAR...
Geri qayıt
|