Əsas Səhifə > Manşet / Ölkə > Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə...

Qarabağ Qazisi öz hüquqlarından istifadə edə bilmirsə...


Bu gün, 10:34

"Mən Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya video müraciət etmişdim. Müraciətimdə qeyd etmişdim ki, Azəriqaz İstehsalat Birliyinin bəzi rəhbər şəxsləri mənimlə prinsip aparır və iş yerimin dəyişdirilməsi məsələsində mənə kömək etmirlər..." "DİA-AZ" xəbər verir ki, bunu müraciətində SOCAR Azəriqaz İB-nin işçisi Daşqın Abbasov qeyd edib.
O daha sonra bildirir: "Müraciətimdən sonra Azəriqazın Baş direktorunun insan resursları üzrə müavini Xəqani Bəşirli mənə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, istehsalat zərurəti ilə əlaqədar ştat ləğv edilib və mənə Ucar rayonunda vakant yer olmadığı halda hazırda həmin ştat üzrə çalışan şəxsin olduğu vəzifə təklif edilib. Mən isə bu təklifi qəbul etməmişəm.
Ağsu RQİİ-nin Kürdəmir xidmət sahəsində sayğac əməliyyatları üzrə iki böyük mühəndis ştatı mövcuddur və həmin ştatlardan birinin ləğv ediləcəyi bildirilib. Bizə deyilib ki, imtahan keçiriləcək və daha yüksək bal toplayan əməkdaş işdə qalacaq.
Halbuki mən müharibə veteranıyam və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinə əsasən, eyni vəzifədə və eyni ixtisas dərəcəsində olan işçilər arasında seçim aparılarkən müəyyən üstünlük hüquqlarına malikəm. Ağsu RQİİ-nin kadrlar şöbəsindən mənə bildirirlər ki, yalnız imtahanda digər əməkdaşla eyni nəticə göstərdiyim halda veteran kimi üstünlük hüququmdan istifadə edə bilərəm.
Bu nə dərəcədə doğrudur?
Mən hesab edirəm ki, Azəriqazın bəzi rəhbər şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyinə zidd hərəkət edir, eyni zamanda ölkə Prezidentinin veteranlarla bağlı verdiyi tapşırıqlara lazımi qaydada əməl etmirlər. Belə yanaşma qanunlara etinasız münasibətin göstəricisidir. Bundan əlavə, Prezidentin göstərişlərinin yerinə yetirilməməsi dövlət başçısının veteranlara göstərdiyi diqqət və qayğıya hörmətsizlik kimi qiymətləndirilə bilər.
Bir məsələni də qeyd etmək istəyirəm: hər il eyni vəzifə üzrə imtahan keçirilməsi nə dərəcədə əsaslı və qanunauyğundur?"

Geri qayıt