Əsas Səhifə > Manşet / Gündəm > İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ...
İcra başçısı Prezidentin portretlərini NİSYƏ ÇƏKDİRDİ VƏ...Bu gün, 09:19 |
|
Babək rayon icra hakimi rəssam Mənsur Əsgərliyə portretlər düzəltdirib, amma 7800 manat borcunu 4 aydır ödəmir. Rəssamın sözlərinə görə, rayonun dövlət idarələri üçün hazırladığı İlham Əliyev və Heydər Əliyevin 218 ədəd portretinin pulu müxtəlif bəhanələrlə gecikdirilir.
O, “Gündəlik Naxçıvan”a bildirib ki, portretləri vaxtında təhvil verib. Lakin buna baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə ödənişi yubadırlar.
Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı icra başçısına və şöbə müdirinə müraciət etsə də, nəticəsi olmayıb:
“4 aydır məni süründürürlər. Bu gün-sabah, gələn həftə deyib pulumu vermək istəmirlər. Dövlətə sədaqətdən danışırlar, amma otaqlarına asdıqları dövlət rəhbərlərinin portretinə 50 manat verə bilmirlər. Özləri 8-10 min manat maaş alırlar. Mənim isə alnımın təri ilə qazandığım 7800 manat alacağımı vermirlər. Halbuki bu işlərə büdcədən kifayət qədər vəsait ayrılır”.
Mənsur Əsgərli deyir ki, portretlərin hazırlanması üçün materialları nisyə alıb və indi material sahibləri onu sıxışdırır:
“Material pulu nisyədir, borc sahibləri məni haqlı olaraq sıxışdırırlar. Mənə elə əzab-əziyyət veriblər, o qədər get-gələ salıblar ki, bunu Allah bağışlamaz. İstəsələr, pulumu elə həmin gün verərlər. Şöbə müdiri Ramil müəllim dedi ki, büdcədə pul da var. Başçıya deyirəm, deyir verəcəyik. 4 aydır eyni sözləri deyirlər”.
Şikayətçi bildirir ki, ona sonuncu dəfə iyunun 5-dək ödənişin ediləcəyi vəd olunub. Lakin həmin tarix keçsə də, pul ödənilməyib:
“Son sözləri bu oldu ki, iyunun 5-dək vaxt ver, 100 faiz ödəniləcək. Bu gün ayın 19-dur, telefonumu da açmırlar”.
Mənsur Əsgərli aidiyyəti qurumlardan alacağının ödənilməsini tələb edir. Məsələ ilə bağlı Babək Rayon İcra Hakimiyyətindən hələlik açıqlama almaq mümkün olmayıb.
Geri qayıt |