Əsas Səhifə > Manşet / Cəmiyyət > "Guya universitetin nüfuzuna xələl gətirmişəm"
"Guya universitetin nüfuzuna xələl gətirmişəm"Bu gün, 10:33 |
|
NDU vəzifəlisi Abbas Əhmədov etirazçı müəllim Aysel Quliyevaya qarşı məhkəmə çəkişməsində bu dəfə də uduzub. Azərbaycan Ali Məhkəməsinin iyunun 16-da çıxardığı qərara əsasən, onun əvvəlki instansiya məhkəmələrinin qərarlarından verdiyi şikayət təmin edilməyib. Bununla da Aysel Quliyeva barəsində çıxarılan bəraət qərarı qüvvədə qalıb.
Aysel Quliyeva məhkəmə qərarından sonra universitet rəhbərliyini ikili standartda ittiham edib. Onun sözlərinə görə, fakültə dekanı Elbrus İsayev tələbələri müdafiə etmək üçün polis çağırmasını əsas gətirərək onu dərhal işdən çıxarıb. Amma tələbələri təhqir etməkdə və onlara qarşı aqressiv davranmaqda ittiham olunan dekan müavini Abbas Əhmədovla bağlı bir ilə yaxındır heç bir addım atılmayıb:
“Görəsən, Elbrus müəllim məhkəməni uduzan dekan müavini haqqında da bu tədbiri görəcəkmi? Polis çağırdığıma görə məni dərhal işdən çıxardılar. Guya universitetin nüfuzuna xələl gətirmişəm. Bəs tələbəni təhqir etmək, təhsil ocağında dava-dalaş yaratmaq, özünü ‘dağ başındakı kimi’ aparmaq universitetin nüfuzuna xələl gətirmirmi? Abbas Əhmədovla bağlı müvafiq addım atılmasını, mənim də öz işimə bərpa olunmağımı tələb edirəm”.
Qeyd edək ki, məsələ Naxçıvan Dövlət Universitetinin Hüquq və Beynəlxalq Münasibətlər fakültəsi ilə bağlı yayılan tələbə müraciətindən sonra başlamışdı. Həmin müraciətdə dekan müavini Abbas Əhmədovun tələbələri döydüyü və təhqir etdiyi iddia olunurdu. Tələbələr, həmçinin onları müdafiə edən müəllim Aysel Quliyevanın universitetdən uzaqlaşdırıldığını bildirmişdilər.
Abbas Əhmədov isə həmin müraciətin yayılmasına görə Aysel Quliyevadan şikayət etmişdi. Halbuki Quliyevanın müraciətin hazırlanması və yayılması ilə bağlılığına dair sübut təqdim edilməmişdi.
Əvvəlcə Naxçıvan Şəhər Məhkəməsi Abbas Əhmədovun şikayətini icraata götürməkdən imtina etmişdi. Məhkəmə qərarında bildirilirdi ki, “Gündəlik Naxçıvan” səhifəsində yayılan yazıların məhz Aysel Quliyeva tərəfindən yazıldığını təsdiqləyən sübutlar şikayətə əlavə edilməyib.
Daha sonra Abbas Əhmədov oxşar məzmunlu şikayətlə yenidən məhkəməyə müraciət edib. Bu dəfə işə baxılıb və Aysel Quliyeva barəsində bəraət qərarı çıxarılıb.
Dekan müavini həmin qərardan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə şikayət etsə də, nəticə dəyişməyib. Bundan sonra o, Azərbaycan Ali Məhkəməsinə müraciət etmişdi.
"Gündəlik Naxçıvan"
Geri qayıt |