Əsas Səhifə > Manşet / Sosial > Ramiz Mehdiyevin bankı RƏSMƏN LƏĞV OLUNDU

Ramiz Mehdiyevin bankı RƏSMƏN LƏĞV OLUNDU


Bu gün, 07:29

Keçmiş PA şefi Ramiz Mehdiyevə məxsus olan bank “BTB” ASC adını və təşkilati-hüquqi formasını dəyişir.
"DİA-AZ" xəbər verir ki, bank adını və təşkilati-hüquqi formasını dəyişərək “”T-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə çevrildiyini elan edir.
Xatırladaq ki, “Bank BTB” ASC ilə aktivlərinin məbləğinə görə ölkənin ən iri bankı olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) arasında “Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə” imzalanıb. Bu müqaviləyə uyğun olaraq “Bank BTB”də müddətli və tələbli depozitləri olan fiziki və hüquqi şəxslərin razılığı ilə onların depozitlərinə qüvvədə olan şərtlər dəyişdirilmədən ABB-də xidmətin davam etdirilməsi, yaxud ABB-nin onların depozitlərini geri qaytarması təmin olunacaq.
Doğrudur, bir müddət əvvəl ABB tərəfindən Ramiz Mehdiyevin bankı ilə bağlı iddialar təkzib olunmuşdu. İndi isə aydın olur ki, artıq bir neçə aydır sürən proses demək olar ki, bitmək üzrədir.
Yayılan məlumatlarda qeyd olunur ki, son aylarda “Bank BTB”nin bir sıra əməkdaşları artıq ABB-də fəaliyyət göstərirlər.
Apardığımız araşdırmalar nəticəsində əldə etdiyimiz məlumata görə, BTB Bankın ABB-yə birləşdirilməsi zərurətə çevrilib. Çünki bu bankın maliyyə göstəriciləri son illərdə xeyli pisləşib. Belə ki, təkcə son bir ildə BTB Bankın gəlirləri 43 faizə yaxın azalıb.
Ən az nizamnamə kapitalına malik banklardan biri də BTB Bankdır. O ölkə üzrə bankların renkinqinə görə sonuncu yerlərdən birini tutur.
Aktivlərinin həcminə və depozitlərin həcminə görə ölkə üzrə renkinqdə BTB Bank 22 bank arasında 19-cu yeri tutur.
Bütün bu göstəricilərsə onu sübut edir ki, BTB Bank həssas dönəmə qədəm qoymuşdu və vaxtında müdaxilə edilməsəydi, bank iflas edə bilərdi. Belə olacağı təqdirdə əhalinin 135 milyon manatlıq depoziti təhlükə altına düşə bilərdi.
Ötən ilin sonuna olan məlumatlar göstərir ki, BTB Bankın faktiki olaraq klassik kommersiya bankı funksiyalarını itirib. 
Xatırladaq ki, “Bank BTB”-nin əsas səhmdarı 76,7 faiz payla uzun illər Prezident Administrasiyasının rəhbəri olmuş Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyevadır. Digər səhmdarlar Rza Sadıq (17,7 faiz) və Tükəzban Mahmudovadır (5,6 faiz). Rza Sadıq eyni zamanda bankın Müşahidə Şurasının sədri idi...

Geri qayıt