Əsas Səhifə > Manşet / Sosial > "Heç kim gəlib soruşmur: bu qədər işi necə çatdırırsınız?"

"Heç kim gəlib soruşmur: bu qədər işi necə çatdırırsınız?"


Bu gün, 10:06

"Təəssüf ki, bizi 21-ci əsrdə sanki əsrlər əvvəlki dövrlərdə olduğu kimi istismar edən, hər gün yeni tapşırıqlar düşünüb bütün yükü sahə işçilərinin üzərinə atan rəhbərlik və yüksək vəzifəli şəxslər bu ədalətsizliyə susurlar..." "DİA-AZ" xəbər verir ki, bunu Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sosial şəbəkə hesabında SOCAR "Azəriqaz" İstehsalat Birliyinin işçisi Aydın Əliyev qeyd edib. 
O daha sonra müraciətini belə davam etdirir: "Bu gün sahədə işləyən işçinin üzərinə nə qədər iş yükləndiyini heç kim görmək istəmir. Sayğac oxunması, ödənişlərin təşkili, borclu abonentlərin qaz təchizatının dayandırılması, sayğaclara texniki baxış, dövrü yoxlama müddəti bitmiş sayğacların dəyişdirilməsi, yazmayan sayğacların aşkar edilərək yenilənməsi, qaz sızmalarının aradan qaldırılması, kranların təmiri və digər işlər azmış kimi, indi də əlavə olaraq "düzləşdirmə" işləri tapşırılır.
Ən ağrılı məqam isə odur ki, heç kim gəlib soruşmur: bu qədər işi necə çatdırırsınız? Ailəniz, övladlarınız, şəxsi həyatınız yoxdurmu? Sayğacların daşınmasına, nəqliyyat və digər xərclərə cibinizdən pul xərcləyərək bu yükün altından necə çıxırsınız?
Sayğac oxunuşları çox vaxt şənbə və bazar günlərinə düşür, lakin bunun üçün heç bir əlavə ödəniş verilmir. İş yükü artırılır, məsuliyyət artırılır, amma əmək haqqı eyni qalır.
Bu iş bölgüsünü hazırlayanlar heç düşünürlərmi ki, bir insanın daşıya biləcəyi yükün həddi var?
Təəssüf ki, işçilərin problemlərini dinləyən yoxdur. Amma bir cümləni çox yaxşı deyirlər:
"Həll edin."
Necə həll edəcəyimizi, hansı imkanlarla və hansı maaşla həll edəcəyimizi isə soruşan yoxdur. Bu, nə ədalətə, nə də insan əməyinə verilən dəyərə uyğun yanaşmadır. Sahədə işləyən işçilərin səsi eşidilməli, problemləri həll olunmalı və onlara layiq olduqları dəyər verilməlidir..."

Geri qayıt