Əsas Səhifə > Manşet / Cəmiyyət > "Adi işçilərin əməkhaqqısı illərlə yerində sayır..."

"Adi işçilərin əməkhaqqısı illərlə yerində sayır..."


Bu gün, 11:51

“Azərqaz” İstehsalat Birliyində optimallaşdırma adı altında “aşağı sinif”də (fəhlə, çilibngər və sair) ixtisarlar kütləviləşir, digər tərəfdən isə vəzifəli şəxslərin maaşı artırılır, üstəllk, qurum daxilində bir-birini təkrarlayan və ya yaxın olan sahələr üzrə yeni department, şöbələr yaradılır.

Bu barədə Mia.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, aylıq 450-500 manat arası maaş alan fəhlə vvə çilingərlər əziyyət içində yaşasalar da, kabinetərdə oturanlar bundan azı 10-20 dəfə artıq maaş alırlar: “Məsələn, Xaçmaz RQİİ-nin rəisinin maaşı bilirsiniz nə qədərdir? Onun kartına aylıq yuvarlaq 10-12 min manat, regiondan aslı olaraq baş mühəndislərin isə hər ay kartına 5-8 min manat arası pul oturdulur. Amma məsələn, elə Xaçmaz qaz idarəsində 4-cü dərəcəli çilingəri 435 manat, 5-ci dərəcəli çilingəri isə 477 manat maaş alır. Digər rayonlar və region idarələrində də belədir. Ən az maaş alan region rəisinin aylıq yuvarlaq əməkhaqqısı 5500 manatdan az deyil…”.

Məlumatda deyilir ki, vəzifəli şəxslərə və region rəislərinə səxavətli davranış bununla da yekunlaşmır: “Rəislər ildə 1 dəfə maaşının 2.5 misli bonus alır. Bəs fəhlə nə qədər alır, bilirsiniz? Maaşın 0.9 misli qədər…

Siz təsəvvür edirsiz rəislərin illik maaşını? Yaxud "Azəriqaz"ın baş direktoru Azər Məmmədovun, müavinlərinin, müşavirlərinin maaşından xəbəriniz var?...”.

Məsələ ilə bağlı Mia.az-a açıqlama verən Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib ki, hansı vəzifəli şəxsin nə qədər maaş alması haqda dəqiq məlumata malik deyil: "Ancaq "Azəriqaz" İB-də 2026-cı ilin aprel ayında müvafiq əmrƏə əsasən, idarəetmə aparatında fəaliyyət göstərən bütün şöbə və departamentlərdə şöbə rəisləri, şöbə rəisi müavinləri, departament rəisləri və onların müavinləri, regional qaz istismarı idarələrinin rəisləri, baş mühəndisləri, rəis müavinləri, həmçinin rayon və şəhər qaz xidmət sahələrinin sayğac əməliyyatları xidmətinin rəisləri, müayinə və istismara qəbul xidmətinin rəisləri, təmir-bərpa xidmətinin rəisləri və qəza-bərpa xidmətinin rəislərinə aylıq əmək haqqından əlavə verilən peşəkarlığa görə ödəniş (?!) 100 faiz artırılıb.

Beləliklə, fakt budur ki, bir tərəfdə kabinetlərdə oturan rəhbər heyətə peşəkarlıq adı altında ikiqat , digər tərəfdə isə təhlükəli şəraitdə çalışan adi işçilərin əməkhaqqısı illərlə yerində sayır".

Komitə sədri deyir ki, qaz sızmasının qarşısını alan da, gecə-gündüz qəza xəttinə çıxan da, yağışda-palçıqda işləyən də məhz fəhlələrdir: "Verilən məlumat düzdürsə, ən ağır və məsuliyyətli işi görən insanların maaşını artırmamaq, əvəzində rəhbər heyətə yüksək əlavə ödənişlər vermək sosial ədalətsizlikdən başqa bir şey deyil".


Geri qayıt