Əsas Səhifə > Manşet / Gündəm > "60 manatın cəmi 25 manatını qaytardılar..."

"60 manatın cəmi 25 manatını qaytardılar..."


Bu gün, 11:47

AZAL-ın Naxçıvan reyslərində sərnişinləri aldadaraq eyni biletdən iki dəfə pul qazandığı iddia olunur. Sərnişinlərin sözlərinə görə, “fırıldaq mexanizmi” belə işləyir:
"Əvvəlcə bilet satılır, uçuşa az qalmış isə reysin qeyri-müəyyən vaxta qədər təxirə salınması ilə bağlı mesaj göndərilir. Vaxtı uyğun gəlməyən sərnişin bileti qaytaranda pulunun təxminən yarısı tutulur. Ancaq, “təxirə salınıb” deyilən reys üzrə boşalan yerlər sonradan yenidən satışa çıxarılır və şirkət eyni biletdən ikinci dəfə gəlir əldə edir.
Sərnişin Hafiz Babayev də oxşar vəziyyətlə üzləşdiyini deyir. Onun sözlərinə görə, 15 gün əvvəl aldığı Bakı–Naxçıvan bileti uçuşa az qalmış “texniki səbəb” adı ilə təxirə salınıb və o, iş planı pozulmasın deyə bileti qaytarmağa məcbur qalıb:
“Planlı olaraq 15 gün əvvəldən Bakıdan Naxçıvana təyyarəyə bilet almışdım. Biletimi guya əlavə reysə vermişdilər. Saat 11:30-da uçmalı idim. Uçuşa 3 gün qalmış telefonuma texniki səbəblərdən reysin 2 gün təxirə düşməsi ilə bağlı mesaj gəldi. İş planım pozulmasın deyə məcbur qalıb bileti qaytardım.
60 manatın cəmi 25 manatını qaytardılar. Nə qədər israr etsəm də, xeyri olmadı. Dedilər ki, qayda belədir. Həmin gün qanuni reyslərdən birinə yenidən bilet aldım. Sonradan öyrəndim ki, bizə təxirə salındığı deyilən reys vaxtında uçub və bizim qaytardığımız biletlər başqalarına satılıb. Bu cür özbaşınalıq olmaz.”
AZAL-dakı adının çəkilməsini istəməyən mənbə də deyilənləri təsdiqləyir. Onun sözlərinə görə, problem əsasən əlavə reyslərdə yaşanır və bəzi hallarda reysin həmin günə salınıb-salınmayacağı dəqiq bilinmədən biletlər satışa çıxarılır:
“İddialar doğrudur. Bu, əsasən qanuni reyslərdə deyil, əlavə salınan reyslərdə baş verir. Göstərilən günə və saata reys salınıb-salınmayacağı bəlli olmur, amma biletlər satılır. Uçuşa 2-3 gün qalmış isə reysin daha 2-3 gün təxirə salındığı elan edilir. Bəzi vətəndaşlar bileti yarı qiymətinə qaytarıb başqa reysə bilet alırlar. Qaytarılan biletlər isə yenidən satışa çıxarılır.”
Mənbə bildirir ki, bununla da problem bitmir. Onun sözlərinə görə, sərnişinlər bəzən hava limanına getdikdən sonra da əlavə gecikmə mesajları alır və yenidən seçim qarşısında qalırlar:
“Sərnişin uçmaq üçün hava limanına gedəndə bu dəfə reysin texniki səbəblərdən gah 2, gah da 3 saat yubandığı barədə mesajlar alır. Bu vəziyyətdə bəzi sərnişinlər əlavə 30-40 manat verib reyslərini dəyişməyə məcbur olurlar. Qalan sərnişinləri isə saatlar sonra digər reyslərdə boş yerlərə yerləşdirib göndərirlər.”
"Gündəlik Naxçıvan"

Geri qayıt