Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər?

İnhisarçı mövqeləri günbəgün güclənən Yaqub Hüseynovdan kimlər və niyə şikayətçidirlər?


Bu gün, 12:47

Azərbaycanda sahibkarlığın inkişafı istiqamətində dövlət uzun illərdir genişmiqyaslı tədbirlər həyata keçirməkdədir. Həmin tədbirlər arasında xüsusilə də sahibkarlara qarşı yaradılan süni əngəllərin tam aradan qaldırılmasına yönələn işləri xüsusi vurğulamağa dəyər. Bu məsələ Prezident İlham Əliyevin daim diqqətindədir; ölkə başçısı öz çıxışlarında belə əngəllərin yolverilməzliyini dəfələrlə və sərt şəkildə vurğulayıb. Sahibkarlığın inkişafı istiqamətində bu cür ardıcıl mövqe Azərbaycanın iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından həlledici rol oynayıb.

Lakin təəssüf ki, özəl sektorla bağlı bəzi neqativ məqamlara hələ də rast gəlinir. Söhbət ilk növbədə süni şəkildə inhisarçı mövqelərə yiyələnmiş müəyyən iş adamlarının elə bu monopolist mövqeləri sayəsində digər iş adamlarını, ələlxüsus da kiçik və orta sahibkarları narazı salmaqdadır.

“Unikal"a daxil olan məlumatda belə inhisarçı iş adamlarından Yaqub Hüseynovla bağlı müəyyən şikayətlər yer alır. Bildirilir ki, oliqarx nazirlərdən birinə yaxınlığı ilə tanınan Hüseynovun şirkətləri elə bu himayədarlıq sayəsində xüsusən son illərdə ağlasığmaz sürətlə böyüyüb.

Əsasən “Bridge Group of Companies” MMC çətiri altında birləşən həmin şirkətlərin fəaliyyət istiqamətləri kifayət qədər genişdir.

Onlar tikinti və inşaatdan tutmuş restoran və hotellərə, əmlakların idarəedilməsindən kənd təsərrüfatına, xidmətlər və sənaye xidmətlərindən idmanadək bir çox sahədə qəfildən və qısa vaxtda mühüm mövqelər tutublar. Məsələn, bu iş adamı “HamamBath” hamamlar şəbəkəsi, “Sultan İnn”, “Molokan İnn” və “Seven Rooms” hotelləri, yaxud “Jasmine” və “Bahar Cafe” restoranları kimi bahalı və lüks məkanların, “Bridge Plaza” Biznes Mərkəzi, “Bridge” müasir anbar kompleksi eləcə də saysız-hesabsız digər obyektlərin sahibidir.

Yaqub Hüseynovun adı geniş ictimaiyyətə bir neçə il əvvəl baş verən bir qalmaqaldan tanışdır. Həmin vaxt onun adı xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun əsas fiqurant olduğu torpaq qalmaqalında hallanmışdı. O zaman mediada gedən məlumatlarda iddia edilirdi ki, Xəzər rayonunun Türkan qəsəbəsində qanunsuz yollarla ələ keçirilən torpaqları məhz Yaqub Hüseynov satın alıb.

İş adamının hazırda ölkədəki ən iri bir neçə şirkətlər qrupundan biri olan holdinqinin isə 1998-ci ildə qurulduğu məlumdur; lakin əldə etdiyimiz məlumatda həmin holdinqə daxil olan şirkətlərin 2019-cu ildən sonra hədsiz dərəcədə böyüdüyü deyilir. Misal üçün: 2022-ci ildə həmin şirkətlərin dövriyyəsi 125 milyon manatdan çox olduğu halda cəmi bir il sonra 200 milyon manata çatıb. İddialara görə, oliqarx nazirin himayəçiliyi ilə Yaqub Hüseynovun şirkətləri bir yandan iri tenderlər, o biri yandan vergi güzəştləri (limitləri) sayəsində hazırda bir çox istiqamətlər üzrə faktiki olaraq bazarda monopolist mövqelərə sahibləniblər. Bu isə son nəticədə müəyyən narazılıqlara gətirib çıxarıb. Bəs xüsusən də kiçik və orta sahibkarları Yaqub Hüseynovdan şikayətlənməyə vadar edən səbəblər hansılardır?

“Unikal”a verilən məlumata görə, adıçəkilən iş adamı özünün qurduğu “Petrol Terminal” şirkəti vaistəsilə son vaxtlar ölkə daxilində yanacaq satışının həyata keçirilməsi istiqamətində mühüm üstünlüklər əldə edib.

Ələlxüsus da Bakı, Gəncə və Naxçıvanda bu satış faktiki olaraq Hüseynova məxsus şirkətin nəzarətindədir. Həmin şirkətdən yanacaq almalı olan fiziki və hüquqi şəxslərin isə həm qiymət, həm də keyfiyyət səbəbilə bundan elə də xoşhal olmadığı, onların məsələ ilə bağlı narazılıqlarına isə əhəmiyyət qoyulmadığı deyilir. Kiçik və orta sahibkarların Hüseynovdan belə şikayətlərinə laqeyd yanaşılması isə həmin iş adamının, yuxarıda da vurğuladığımız kimi, oliqarx nazirin himayəsində olması ilə əlaqələndirilir.

Digər tərəfdən, tikinti və təmir işlərindən tutmuş ketrinqədək sahələrdə tenderlərə maraq göstərən bir çox şirkətlərin qarşısına Yaqub Hüseynova məxsus MMC-lərin çıxması da adət halını alıb. Həmin tenderlərdən isə şübhəsiz ki, bir qayda olaraq məhz Hüseynovun şirkətləri qalib çıxırlar. Sahibkarların fikrincə bu, şəffaf və ədalətli satınalma müsabiqələrinin nəticəsindən çox, “Bridge Group of Companies” sahibinin oliqarx nazir tərəfindən himayə edilməsinin məntiqi sonluğudur. Onlar deyirlər ki, sahibkarlığın sürətli və dayanıqlı inkişafında mühüm faktorlardan biri adil rəqabətin təmin edilməsidir. Lakin bir iş adamı yüksək çinli məmur tərəfindən açıq şəkildə himayə olunur, nəticə etibarilə hər cür güzəşt və imtiyaz qazanırsa, adil rəqabət anlayışı zədələnmiş, böyümək, yaxud da ayaqda qalmaq istəyən digər sahibkarlar üçün müəyyən əngəllər yaranmış olur. Bu isə ölkə rəhbərliyinin Azərbaycanda sahibkarlığın inkişafını təmin etməyə yönəlmiş iradəsinə ziddir.



Geri qayıt