Əsas Səhifə > Manşet / Siyasət > Naxçıvanda gömrük indi də BELƏ PROBLEM YARADIR...
Naxçıvanda gömrük indi də BELƏ PROBLEM YARADIR...Bu gün, 09:22 |
|
Monopolistlərlə əlbir olduğu bildirilən Sədərək gömrüyü bu dəfə də heyvan yemlərinin Naxçıvana gətirilməsinə məhdudiyyət qoyub. Sakinlərin sözlərinə görə, söhbət əsasən Türkiyənin İğdır şəhərində daha ucuz satılan it və pişik yemlərindən gedir.
Onların “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, qadağa səbəbindən vətəndaşlar eyni yemləri Naxçıvanda təxminən iki dəfə baha almağa məcbur qalırlar. Şikayətçilər hesab edirlər ki, bu məhdudiyyətlər bazarda rəqabəti azaldır və qiymətlərin süni şəkildə yüksək saxlanmasına şərait yaradır.
Şərur rayon sakini Şükür Bayramov deyir ki, problem təkcə qiymət bahalığı deyil, həm də vətəndaşların alternativ alış imkanlarının məhdudlaşdırılmasıdır:
“Bir neçə paket yem gətirmək istəyirsən, dərhal kommersiya adı ilə saxlayırlar. Rüsum istəyirlər, rüsumu ödəmək üçün sertifikat, laboratoriya və yüz prosedur tələb edirlər. Gətirdiyin bir-iki paket məhsuldan ya imtina edirsən, ya da geri qaytarırsan.
Naxçıvanda isə həmin məhsullar çox baha satılır. 15 kiloluq keyfiyyətli pişik yeminin İğdırda bir paketi 35-40 manat, Naxçıvanda isə 65-75 manatdır. Az qala iki dəfə bahadır. İnsanlar məcbur qalıb keyfiyyətsiz yem alırlar.”
Digər sakin Elnur Niftiyev də oxşar vəziyyətlə üzləşdiyini bildirir. Onun sözlərinə görə, şəxsi istifadə üçün gətirilən məhsullar belə gömrükdə kommersiya məqsədli yük kimi qiymətləndirilir:
“Həyətdə bir neçə pişik saxlayıram. Təsərrüfatla məşğul olduğuma görə itim də var. İğdırda 1000–1200 lirəyə satılan yem Naxçıvanda az qala ikiqat qiymətə çıxır. İnsan öz heyvanına normal yem almaqda çətinlik çəkir. Üstəlik, gömrük bir paketdən artıq gətirməyə imkan vermir.
Bir neçə gün əvvəl 2 kiloluq 3 paket gətirirdim, ikisini əlimdən aldılar. Çox görən kimi deyirlər ki, satış məqsədi ilə aparırsan. Rüsumu ödəmək istəyəndə də deyirlər, olmaz, geri qaytar.”
Sakinlər bildirirlər ki, Sədərək gömrüyündə oxşar məhdudiyyətlər əvvəllər də müxtəlif ərzaq məhsulları ilə bağlı tətbiq olunub. Onların sözlərinə görə, vətəndaşlar ev üçün aldıqları məhsulları belə sərbəst şəkildə Naxçıvana gətirməkdə çətinlik çəkirlər.
Geri qayıt |