Əsas Səhifə > Manşet / Gündəm > "ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər"

"ADY evimi sökdü, hələ də kompensasiyamı vermirlər"


Bu gün, 05:46

Bakı şəhəri, Nərimanov rayon sakini Səfərov Rahib Xanbaba oğlu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Mia.az-a təqdim olunan müraciətdə deyilir:
"Hörmətli Mehriban xanım,
Sizin rəhbərliyinizlə həyata keçirilən sosial və humanitar layihələr, vətəndaşların rifahının yüksəldilməsi istiqamətində görülən ardıcıl tədbirlər, xüsusilə həssas sosial təbəqələrə göstərilən diqqət və qayğı Azərbaycan cəmiyyətində yüksək rəğbətlə qarşılanır. Sosial ədalətin təmin olunması və vətəndaş məmnunluğunun artırılması istiqamətində fəaliyyətiniz dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsinə mühüm töhfə verir.
Məhz bu inam və etimada əsaslanaraq Sizə müraciət edirəm.
Mən, Səfərov Rahib Xanbaba oğlu, Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, Aşıq Qərib küçəsində yerləşən və Azərbaycan Dəmir Yolları QSC-nin balansında olan ərazidə yerləşmiş yaşayış evinin sakini olmuşam.
2025-ci il 24 iyul tarixində həmin ərazidə aparılmış söküntü işləri nəticəsində ailəmə məxsus yaşayış evi sökülmüşdür. Lakin söküntüdən uzun müddət keçməsinə baxmayaraq, qanunvericiliyə uyğun olaraq ödənilməli olan kompensasiya bu günədək tərəfimizə təqdim edilməmişdir.
Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara yazılı və şifahi qaydada müraciət etməyimə, qəbul və görüşlərə yazılmağıma baxmayaraq, problem həllini tapmamışdır. Nəticədə ailəm ciddi maddi və sosial çətinliklərlə üzləşmiş, normal yaşayış şəraiti pozulmuşdur.
Yaşayış yerindən uzun müddət məhrum qalmağımız ailəmin sosial vəziyyətinə mənfi təsir göstərmiş, kompensasiyanın gecikdirilməsi yeni mənzil əldə etməyimizə və həyat şəraitimizin bərpasına ciddi maneə yaratmışdır.
Azərbaycan Respublikasının vətəndaşı olaraq, dövlətimizin qanunlarına və sosial ədalət prinsiplərinə güvənərək Sizdən xahiş edirəm:
- Müraciətimin obyektiv və hərtərəfli araşdırılmasına köməklik göstərəsiniz;
- Azərbaycan Dəmir Yolları QSC tərəfindən ailəmə düşən kompensasiyanın qanunvericiliyə uyğun şəkildə qısa müddətdə ödənilməsi üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilməsinə dəstək göstərəsiniz.
İnanıram ki, Sizin diqqət və həssas münasibətiniz nəticəsində məsələ ədalətli həllini tapacaq və ailəmin normal yaşayış şəraiti bərpa olunacaqdır.
Əvvəlcədən göstərəcəyiniz köməyə görə minnətdarlığımı bildirirəm".

Geri qayıt