Əsas Səhifə > Manşet / Sosial > Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ

Quba sakini icra hakimiyyətinin HƏDƏFİNDƏ


Bu gün, 10:02

Quba rayon sakini Namiq Əliyev bildirib ki, autizm xəstəsi olan, birinci qrup əlilliyi olan övladının müalicə və müayinə xərclərini qarşılamaq üçün fəaliyyət göstərdiyi kiçik çay evinin işinə bəzi vəzifəli şəxslər tərəfindən süni maneələr yaradılır. "DİA-AZ" xəbər verir ki, şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin müraciətindən sonra ilkin araşdırma aparılıb və yoxlama nəticəsində heç bir qanun pozuntusu aşkar edilməyib.

Araşdırmanın yekununa dair rəsmi qərar da vətəndaşa təqdim olunub. Namiq Əliyev iddia edir ki, araşdırmadan sonra Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdiri Şahin İsrafilov tərəfindən Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinə rəsmi məktub ünvanlanıb.

Həmin məktubda ərazidə aparılan yüngül konstruksiya işlərinin dayandırılması xahiş olunub. Vətəndaş bildirir ki, sözügedən tikinti hər an sökülə bilən, talvar tipli yüngül konstruksiyadır və onun əsas məqsədi qanunsuz tikinti aparmaq deyil, övladının müalicə və gündəlik yaşayış xərclərini təmin etmək üçün kiçik çay evinin fəaliyyətini davam etdirməkdir. O, baş verənlərin qərəzli olduğunu iddia edərək məsələ ilə bağlı aidiyyatı qurumlara müraciət edib və vəziyyətin araşdırılaraq qanuni qiymət verilməsini xahiş edir.


Geri qayıt