Əsas Səhifə > Manşet / Hadisə > Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da...
Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da...Bu gün, 10:53 |
|
Naxçıvanlı bakalavrlar magistraturaya qəbul imtahanı ilə bağlı yeni qərara etiraz edirlər. Onlar hesab edirlər ki, üçüncü cəhd imtahanının yalnız Bakı və ətrafında təşkil edilməsi bölgələrdə yaşayan gənclərə qarşı ədalətsizlikdir.
Şikayətçilərin sözlərinə görə, imtahan üçün Naxçıvandan Bakıya getmək yüzlərlə manat əlavə xərc tələb edir. Üstəlik, könüllü iştirak edənlərdən imtahan haqqı alınması onları maddi cəhətdən daha da çətin vəziyyətə salır.
Onlar tələb edirlər ki, ya imtahan bütün bölgələrdə keçirilsin, ya da əlavə şans yalnız üzrlü səbəbdən əvvəlki imtahanda iştirak edə bilməyən şəxslərə verilsin.
Tələbələrdən Gülnarə Babayeva deyir ki, onları narahat edən əsas məqam növbəti imtahanda sualların səviyyəsinin necə olacağıdır:
“Bu balımla ödənişsiz yerə qəbul olmaq şansım var. Amma üçüncü cəhd imtahanında sualların hansı səviyyədə olacağı bəlli deyil. Əgər suallar bir az asan olsa və hazırda zəif olan kimsə yüksək nəticə göstərsə, mən kənarda qala bilərəm.
Ədalətli olan odur ki, əlavə imtahan yalnız üzrlü səbəbdən əvvəlki imtahanda iştirak edə bilməyənlər üçün keçirilsin. Bakıda imtahana getməyə də razı olarıq, amma bu, maddi baxımdan çox çətindir.”
Digər tələbə Nadir Mənsimov da maddi çətinlik ucbatında Bakıya hedə bilməyəcəyini deyir:
“Əgər DİM üçüncü cəhd imtahanı keçirirsə, bu imkan bütün bölgələrdə yaşayan tələbələr üçün eyni olmalıdır. Naxçıvandan Bakıya getmək təkcə imtahan haqqı deyil, həm də yol, qalmaq və yemək xərcləri deməkdir. Təkcə gedib-qayıtmaq üçün bilet pulu təxminən 150 manat edir.
DİM bunu ‘könüllü iştirakdır’ deyə izah edir, amma maddi imkanı olmayan tələbə üçün bu könüllülük real seçim deyil. Ya imtahan Naxçıvanda da təşkil olunmalı, ya da yalnız üzrlü səbəbdən əvvəlki imtahanda iştirak edə bilməyənlər buraxılmalıdır.
Bu gün maddi vəziyyətimə görə qalmağa yerim belə yoxdursa və Bakıya gedib imtahan verə bilmirəmsə, amma mənimlə eyni şəraitdə oxuyan qrup yoldaşım gedib imtahana girə bilirsə və məndən cəmi 1 bal çox toplayırsa, bu nə dərəcədə ədalətlidir? Mənim təxminən bir ilə yaxındır çəkdiyim əziyyət nə olacaq?”
Dövlət İmtahan Mərkəzi magistraturaya qəbul imtahanı ilə bağlı yeni qərar açıqlayıb. Qərara görə, mayın 17-də keçirilən imtahanda iştirak edən bakalavrlar istədikləri halda iyunun 14-də təşkil olunacaq növbəti imtahanda yenidən iştirak edə biləcəklər.
DİM bildirir ki, təkrar iştirak ödənişli olacaq və ixtisas seçimi zamanı ən yüksək nəticə nəzərə alınacaq. Mayın 17-də hava şəraiti səbəbindən imtahana gecikən şəxslər isə iyunun 14-də keçiriləcək imtahanda ödənişsiz iştirak edə biləcəklər.
"Gündəlik Naxçıvan"
Geri qayıt |