Əsas Səhifə > Manşet / Cəmiyyət > Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR?

Naxçıvan televiziyasında NƏ İŞLƏR ÇEVRİLİR?


Bu gün, 16:35

"Naxçıvan Televiziyası rəhbəri İlhamə Novruzovadan növbəti müzakirə doğuran addımlar davam edir…" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə xəbər marafonu təşkil olundu. Belə bir gündə xüsusi yayım hazırlanması əlbəttə ki, televiziya üçün müsbət addımdır. Amma məsələ təkcə efirin təşkilində deyil, onun kimlər tərəfindən və hansı peşəkarlıq səviyyəsində təqdim olunmasındadır.
İctimaiyyətin diqqətini çəkən əsas məqam xəbər marafonunun aparıcısı oldu. Dövlət televiziyasının siyasi və ictimai çəkisi olan efirində peşəkar jurnalistika təcrübəsi və uyğun təhsili olmayan, deyilənə görə daha çox şou, tamadalıq və makler fəaliyyəti ilə tanınan şəxsin aparıcı kimi təqdim edilməsi haqlı narazılıq yaradır.
Deyilənə görə təəccüb və narahatlıq doğuran digər məqamlardan biri isə odur ki, ümummilli lider Heydər Əliyevin şəxsiyyətindən, siyasi irsindən və dövlətçilik fəlsəfəsindən danışan aparıcı ümumiyyətlə televiziya əməkdaşı deyil. ( ola bilər yazı paylaşan kimi neçə gündür təhqir etdiyi kadrlar şöbəsinin əməkdaşına əmrin tələsik verilməsini məcbur edər. Əvvəllər etdiyi qanunsuz əmrlərindən biri olar).
Özünü daim “peşəkar” və “professional idarəçi” kimi təqdim edən İlhamə Novruzovaya sual olunur: hansı dövlət televiziyalarında bu qədər ciddi mövzular şoumen yanaşması ilə təqdim edilir?
Əgər bu cür qərarlara şərait yaradılırsa, sual yaranır: xəbər departamentinin rəhbəri, baş redaktor və digər məsul şəxslər proseslərə niyə səssiz qalır?
Təəccüb doğuran başqa bir məqam isə son dövrlərdə açılan “Ləzzət ovçusu” layihəsidir. Qızı ilə atanı işə götürən İlhamə Novruzova nə etmək istəyir. Layihənin təqdimatı və aparıcının nitqi isə bərbad.
Görünən odur ki, efirə çıxan şəxsin danışıq və təqdimat bacarıqları üzərində ciddi işlənməyib. Ən ironik tərəfi isə budur ki, özünü təlimçi kimi təqdim edən İlhamə Novruzova layihəni efirə buraxmazdan əvvəl ən azından aparıcıya elementar danışıq və nitq təlimi keçə bilərdi.
Çünki televiziya efiri sosial şəbəkə canlısı deyil — burada həm nitq mədəniyyəti, həm təqdimat üslubu, həm də peşəkarlıq əsas şərtdir.
Bu gün dilçilik, ictimai fikir və digər ciddi mövzularda efirə professorlar, alimlər dəvət olunduğu halda, peşəkar hazırlığı olmayan şəxslərin ön plana çəkilməsi artıq təsadüfi görünmür.
Rəhbərliyin yanlışlıqlarına reaksiya verməyən şəxslərin daha çox dəstəklənməsi isə kollektiv daxilində narazılığı artırır.
Naxçıvan Televiziyası illərlə peşəkar kadrlar yetişdirən bir məktəb olub. Bu televiziyanın yetirmələri bu gün ölkənin müxtəlif nüfuzlu qurumlarında fəaliyyət göstərirlər. Kanal daxilində də işini sevən, peşəkar və sağlam düşüncəli kollektiv var.
Sadəcə həmin kollektiv bu gün təhqir edən, yamsılayan, əməkdaşları qarşı-qarşıya qoyan rəhbər yox, insanlarla düzgün ünsiyyət quran, dinləmə mədəniyyəti olan və peşəkarlığı qiymətləndirən rəhbərliyə ehtiyac duyur..."

Geri qayıt