Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı”
Forum içində forum: QHT Agentliyinin “tədbir iqtisadiyyatı”Bu gün, 12:59 |
|
Xatırlayırsınızsa, ötən ilin noyabrında keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin QHT-lərinin I Həmrəylik Forumu barədə ilk gündən ciddi suallar vardı. Ən əsas problem şəffaflığın olmaması idi. Hansı ölkədən neçə nümayəndə qatılıb? Hansı QHT-lər iştirak edib? Nümayəndələrin seçim meyarı nə olub? Bunların heç biri ictimaiyyətə açıqlanmadı. Halbuki beynəlxalq əməkdaşlıq adı ilə keçirilən tədbirlərdə legitimlik və təmsilçilik əsas məsələdir. Sonradan məlum oldu ki, forumun əsası “Ortaq Dəyərlər” İctimai Birliyinin “Türk Dünyası QHT Platformasının yaradılması” adlı layihəsindən yaranıb və bu layihəyə QHT Agentliyi tərəfindən əvvəlcə 30 min manat ayrılıb. Daha sonra isə eyni təşkilata müsabiqədənkənar qaydada əlavə 300 min manatdan çox vəsait verilib. Burada artıq ilk ciddi problem meydana çıxır: əgər layihə ilkin mərhələdə 30 min manatlıq konsepsiya idisə, sonradan hansı əsaslandırma ilə onun büdcəsi on dəfələrlə artırıldı? Hansı nəticələrə görə? Hansı qiymətləndirmə əsasında? Daha absurd məqam isə budur ki, cəmi 5 ay sonra eyni forumun ikinci dəfə keçirilməsinə qərar verilib. Beynəlxalq təşkilatlanma praktikasında bu tip forumlar adətən illik əsasda keçirilir və hər dəfə başqa ölkə ev sahibliyi edir. Çünki məqsəd əməkdaşlıq coğrafiyasını genişləndirmək, müxtəlif tərəflərin prosesə sahibliyini təmin etməkdir. Burada isə Azərbaycan tərəfi forumu yenidən özü təşkil edir, yenə məhdud sayda iştirakçı gətirir və yenə yüz minlərlə manat xərcləyir. Bu dəfə isə vəsait “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinə yönəldilir, yenə də müsabiqədənkənar şəkildə və yenə 300 min manatadək vəsait(?) Belə çıxır ki, forum artıq institusional əməkdaşlıq mexanizmi yox, müəyyən çevrələrin daimi maliyyələşmə alətinə çevrilib. Ən vacib sual isə cavabsız qalır: birinci forumdan ikinci forumadək konkret nə dəyişdi? Hansı ortaq fəaliyyət planı qəbul edildi? Hansı beynəlxalq təşəbbüs ortaya çıxdı? Hansı davamlı əməkdaşlıq quruldu? Ortada görünən yeganə nəticə ardıcıl forum fotoları, pafoslu çıxışlar və şişirdilmiş PR kampaniyasıdır. Bu mənzərə sadəcə israfçılıq və adi “tədbirçilik” deyil, sistemli şəkildə qurulmuş imitasiya sənayesini xatırladır. Kağız üzərində “Türk dünyası həmrəyliyi”, “QHT əməkdaşlığı”, “platforma quruculuğu” kimi pafoslu ifadələr dolaşdırılır. Bu xüsusda dövlət vəsaiti real vətəndaş cəmiyyəti quruculuğuna deyil, tədbir dekorasiyasına xərclənir. QHT-lərə Dövlət Dəstəyi Agentliyi hər il “innovativ layihələr”, “yeni yanaşmalar”, “prioritet istiqamətlər” barədə danışır. Amma nəticədə dörd fərqli təşkilat eyni mahiyyətli layihələrlə maliyyə qazanır. Sadəcə ölkələrin adı dəyişir. Bu isə iki ehtimal yaradır: ya sistem tamamilə nəzarətsizdir, ya da layihə mövzuları əvvəlcədən koordinasiya olunur. 1. “İslahatçı Qadınlar və İnnovasiyalar” İctimai Birliyi - Azərbaycan-Macarıstan QHT-lərinin I Əməkdaşlıq Forumu - 28000 manat, 2. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İctimai Birliyi - Azərbaycan-Şimali Kipr QHT-lərinin I Əməkdaşlıq Forumu – 25000 manat, 3. “Ortaq Dəyərlər” İctimai Birliyi Azərbaycan-Qırğızıstan QHT-lərinin I Forumu – 27000 manat, 4. “Bakı Politoloqlar Klubu” İctimai Birliyi - Azərbaycan-Türkmənistan vətəndaş cəmiyyətinin təmsilçilərinin I Forumu – 25 000 manat. Ən diqqətçəkən nümunələrdən biri Azərbaycan–Türkmənistan vətəndaş cəmiyyəti forumudur. Tədbirdə cəmi 4 xarici iştirakçı görünür. Qalanların hamısı yerli QHT nümayəndələridir. Bu necə “ikitərəfli forumdur”? Həmin şəxslər doğrudanmı Türkmənistan vətəndaş cəmiyyətini təmsil edir? Onların mandatı nədir? Hansı təşkilatları təmsil edirlər? Bu sualların heç birinə cavab verilmir. Bütün digər forumlarda da oxşar mənzərə müşahidə olunur: eyni simalar müxtəlif tədbirlərdə dövr etdirilir, fərqli adlar altında yeni layihələr kimi təqdim olunur. Formal olaraq ayrı-ayrı tədbirlər göstərilsə də, mahiyyətcə söhbət eyni toplantının müxtəlif adlarla sənədləşdirilməsindən gedir. Bu istiqamətdə "Yenixeberorg"a QHT-lərin forum layihələri ilə bağlı daha bir maraqlı məlumat daxil olub. Azərbaycan–Macarıstan forumu ilə bağlı vəziyyət isə açıq qalıb. Macarıstandakı siyasi dəyişikliklər səbəbindən lazımi iştirak təmin olunmayıb. Buna baxmayaraq tədbir yenə də “beynəlxalq əməkdaşlıq forumu” kimi təqdim edilir. Yəni əsas məqsəd real nəticə yox, tədbirin keçirildiyini göstərməkdir. Ən problemli məqamlardan biri də maliyyə xərclərinin şişirdilməsi ehtimalıdır. Eyni məkan, eyni iştirakçılar, eyni qida xidməti, eyni logistika müxtəlif forumların ayrıca xərcləri kimi rəsmiləşdirilir. Praktik olaraq bir tədbir bir neçə tədbir kimi sənədləşdirilir. Bu isə ciddi audit və araşdırma tələb edən məsələdir. Vəziyyəti daha da qəribə edən məqam həmin qonaqların paralel şəkildə başqa tədbirlərə, o cümlədən Beynəlxalq Şəhərsalma Forumundakı QHT-lərə Dövlət Dəstəyi Agentliyi pavilyonuna yönləndirilməsidir. Yəni bir dəfə ölkəyə gətirilmiş iştirakçılar müxtəlif layihələrin “iştirakçısı” kimi göstərilir və müxtəlif büdcələr üzrə xərc kimi silinir. Bu artıq koordinasiyalı “tədbir iqtisadiyyatı” təsiri bağışlayır. Bir məqamı da unutmadan qeyd etmək yerinə düşər ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin keçirdiyi forum və tədbirlərin əksəriyyətinə QHT nümayəndəsi adı altında müxtəlif ali təhsil ocaqlarının tələbələri də gətirilir. Yaxın vaxtlarda həmin ali məktəblərin hansı maraqlar səbəbindən buna razılıq verdiyinə də ayrıca toxunacayıq... Bütün bunların fonunda ən acınacaqlı nəticə isə odur ki, forumlarda ciddi və nüfuzlu xarici və beynəlxalq QHT nümayəndələri görünmür. İştirakçıların böyük hissəsi resursu və təsir imkanları zəif olan şəxslərdən ibarətdir. Yəni ortada nə real beynəlxalq şəbəkələşmə var, nə strateji əməkdaşlıq, nə də vətəndaş cəmiyyətinin inkişafına xidmət edən dayanıqlı nəticə. Nəticədə isə dövlətə və cəmiyyətə təqdim olunan mənzərə budur: çoxlu forum, çoxlu banner, çoxlu şəkil, çoxlu çıxış və sıfıra yaxın nəticə. Bu model artıq “QHT inkişafı” deyil. Bu, büdcə hesabına süni aktivlik istehsalıdır. Kağız üzərində beynəlxalq əməkdaşlıq görüntüsü yaradılır, reallıqda isə eyni tədbirlər fərqli adlarla dövr etdirilərək həm PR qurulur, həm də maliyyə axını təmin edilir. Ən təhlükəli tərəf isə budur ki, bu cür imitasiya fəaliyyəti real vətəndaş cəmiyyətinin nüfuzunu da məhv edir. Çünki nəticədə ictimaiyyətdə belə təsəvvür yaranır: QHT sektoru inkişaf yox, tədbir biznesi ilə məşğuldur. Halbuki həqiqi vətəndaş cəmiyyəti nümayiş üçün yox, nəticə üçün işləməlidir. Yenixeberorg.com Geri qayıt |