Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi
Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdiBu gün, 11:58 |
|
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən elan edilmiş kənd təsərrüfatı heyvanlarının və digər malların alınması və özünüməşğulluq layihəsi çərçivəsində təchizatı işlərinin satın alınması üzrə keçirilən açıq tender metodu üzrə “AGRO BEST” QAPALI SƏHMDAR CƏMİYYƏTİ (1405235391) qalib elan edilmiş və qeyd edilən qalib təchziatçı ilə 66.150.798,00 AZN məbləğində satınalma müqaviləsinin bağlanması nəzərdə tutulmuşdur. Məlumat satınalmaların portalında 14.05.2026-cı ildə dərc edilmişdir. Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi özünüməşğulluq layihəsi çərçivəsində idxal inək, idxal qoyun, idxal qoç, keçi, təkə, arı ailəsi və digər malların alınması üzrə ” Agro Best ” daha əvvəlki illərdə də bir neçə satınalma müqaviləsi bağlayıb. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlara görə tərəflər arasında 65.987.525 manat məbləğində 27.04.2022-ci ildə, 4.140.900 manat məbləğində 20.12.2022-ci ildə, 73.574.800 manat məbləğində 16.03.2023-cü ildə, 7.044.690 manat məbləğində 09.10.2023-cü ildə, 66.854.876 manat məbləğində 16.05.2024-cü ildə, 175.538,88 manat məbləğində 07.11.2024-cü ildə, 62.146.514 anat məbləğində 17.03.2025-ci ildə satınalma müqavilələri bağlanıb. Göründüy kimi, Dövlət Məşğulluq Agentliyi son üç ildə “Agro Best ” Qapalı Səhmdar Cəmiyyəti ilə ümumi dəyəri 279 924 843 manat məbləğində 7 satınalma müqaviləsi bağlayıb. Bağlanılması nəzərdə tutulan bu tenderi də əlavə etək bu 346 075 641 manat dövlət vəsaiti edir. Bəs bu şirkət haqqında açıq mənbələrdə nə kimi məlumatlar var. Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AGRO BEST” (VÖEN:1405235391) Qapalı Səhmdar Cəmiyyətinin 20.08.2020-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2010.00 manat olan QSC-nin hüquqi ünvanının, BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, FEYZULLA QASIMZADƏ, ev 1, m. 48, qanuni təmsilçisi kimi isə İsmayılov Anar Əlif oğlu qeyd olunub. Reyestrə edilmiş dəyişikliklərdə Məhdud Məsuliyyətli Cəmiyyət kimi dövlət qeydiyyatına alınıb. 22.04.2021-ci ildə təşkilatı hüquqi formasını dəyişərək Qapalı Səhmdar Cəmiyyətinə çevrilib. Təsisçisi və ilk qanuni təmsilçisi Səmədov Taleh Tofiq oğlu olub. Daha sonra Ələkbərov Nahid Kamil oğlu müxtəlif vaxtlarda şirkətə rəhbərlik edib. Şirkət haqqında açıq mənbələrdə daha nə kimi məlumatlar var? Elektron medianın 09.10.24-cü ildə yaydığı məlumatda mal-qara satışı ilə məşğul olan “Agro Best” QSC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələndiyi, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edildiyi bildirilir. Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib. Cərimənin məbləği açıqlanmayıb. Maraqlıdır ki, dövlət qeydiyyatından keçdikdən qısa müddət sonra 350 milyon manata yaxın dəyəri olan tenderlərin qalibinin “Agro Best” QSC-nin nəinki veb-saytı, hətta sosial şəbəkə hesabları belə yoxdur. 5.1. “Dövlət sirri haqqında” və “Kommersiya sirri haqqında” Azərbaycan Respublikası qanunlarının tələbləri nəzərə alınmaqla, ictimai əhəmiyyətli qurumlardan və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını hazırlayan kommersiya təşkilatlarından (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla), habelə dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatlarından həmçinin aşağıdakılar tələb olunur: İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmada “AGRO BEST” Qapalı Səhmdar Cəmiyyətinin son illər büdcədən müəyyən səlahiyyətlərin yerinə yetirməsinə baxmayaraq illik maliyyə hesabatları barədə heç bir məlumat tapa bilmədik. Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsində təchizatçıların uyğunluq göstəriciləri müəyyən edilib. Təchizatçı olaraq “AGRO BEST” QSC Qanunun 23.4.2-ci maddəsində qeyd olunan tələb üzrə – son maliyyə ili üzrə maliyyə hesabatı, habelə azı son 12 (on iki) aylıq dövrü əhatə edən bank dövriyyəsi barədə bank (banklar) tərəfindən verilmiş arayış təqdim etməlidir. Göründüyü kimi son illər “Agro Best” QSC dövlətdən milyonlarla manat dəyəri olan sifarişlər alıb. Amma QSC-nin dövlətə ödədiyi vergilər barədə belə heç bir məlumat yoxdu. Lakin xatırladaq ki, son illər Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanların arıq, xəstə olması, ölməsi barədə yayılan məlumatlar geniş ictimaiyyət arasında müzakirələrə səbəb olub.Bununla bağlı sosial şəbəkələrdə və elektron mediada kifayət qədər geniş məlumatlar da var. Dövlət Məşğulluq Agentliyi vətəndaşları hər vəchlə verdikləri heyvanların xəstə olmadığını inandırmağa çalışır. Agentlik bir dəfə də olsun milyonlarla manat dəyərində müqavilə bağladığı şirkət barədə, xaricdən alınan heyvanların qiyməti barədə vətəndaşlara heç bir məlumat açıqlamayıb. Bu isə Dövlət Məşğulluq Agentliyi ilə “Agro Best” QSC arasında gizli məqamların olması ehtimalını artırır. Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi sədri Hasil Abbasovdur. O, sözügedən vəzifəyə Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin əmri ilə 2026-cı ilin yanvarında təyin edilib. Hasil Abbasov 2024-cü ilin oktyabr ayından hazırkı vəzifəsinə qədər Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini vəzifəsində işləyib. Dövlət Məşğulluq Agentliyinin daha əvvəlki sədri Sadiq Əliyev olub. S.Əliyev 2024-cü ilin may ayından hazırkı təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb. 2026-cı ilin yanvarında Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub. Aktualinfo.net Geri qayıt |