Əsas Səhifə > Manşet / Ölkə > Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...”

Naxçıvanda DUZ FIRILDAĞI: “Bunlardan nə desən çıxar...”


Bu gün, 10:41

Naxçıvanda duz istehsalı bərpa olunduqdan sonra qiymətlərin təxminən iki dəfə artdığı və bazara saxta qablaşdırılmış məhsulların çıxarıldığı bildirilir. Bəzi sakinlər bazarda “Naxçıvan duzu” adı ilə satılan məhsulların bir hissəsinin əslində İrandan gətirildiyini iddia edirlər.
Sakinlər “Gündəlik Naxçıvan”a bildirirlər ki, əvvəllər kilosu 80 qəpik – 1 manata satılan duz hazırda bazarda 2–2.5 manata təklif olunur.
Üstəlik, məhsulu daha çox açıq formada tapmaq mümkündür. Qablaşdırılmış Naxçıvan duzunun isə satışda olmadığı qeyd edilir.
Yerli sakin Əhməd Rzayev deyir ki, istehsal bərpa olunsa da, bazarlarda qiymət fərqi olmayıb:
“Naxçıvan duzu illərlə keyfiyyəti ilə seçilib. Bir ara istehsal dayandı və məhsul bazardan yoxa çıxdı. İndi isə yenidən istehsala başlanılıb, amma qiymət süni şəkildə artırılıb. İnsanlar nə baş verdiyini anlamır. Əvvəl 80 qəpiyə satılan duz indi 2.5 manata təklif olunur.
Deməli, istehsalı qəsdən məhdudlaşdırıblar ki, qiyməti qaldırsınlar.
Üstəlik, bazarda açıq şəkildə danışırlar ki, bəzi duzlar İrandan ucuz qiymətə gətirilir, sonra qablaşdırılıb Naxçıvan duzu adı ilə baha satılır. Aidiyyəti qurumlar bununla bağlı şəffaf məlumat verməlidir.”
Digər sakin Sənubər Məmmədova isə deyir ki, son dövrlərdə satışa çıxarılan duzun dadı və keyfiyyəti əvvəlkindən fərqlənir:
“Naxçıvan duzu dadından bilinirdi. İndi isə həm baha satılır, həm də əvvəlki keyfiyyəti yoxdur. Dadı tamam dəyişib. İnsanlarda şübhə yaranır ki, bəlkə də bazarda satılan məhsulların hamısı əsl Naxçıvan duzu deyil. Bunlardan nə desən çıxar.”
Qeyd edək ki, Naxçıvanda duz istehsalı ilə bağlı problemlər bir neçə aydır davam edir. Oktyabr ayından etibarən muxtar respublikanın ən böyük duz istehsalçılarından biri olan “Naxçıvan Duz İstehsalı” MMC-nin fəaliyyəti dayandırılmışdı.
Rəsmi açıqlamalarda bunu texniki təhlükəsizlik və bərpa işləri ilə əlaqələndirsələr də, yerli sakinlər və bəzi mənbələr istehsalın dayanmasının arxasında mədənlərə nəzarət uğrunda gedən maraq toqquşmasının dayandığını iddia edirlər.

Geri qayıt