Əsas Səhifə > Manşet / Cəmiyyət > Naxçıvan Dövlət Universitetində rüşvət verməyə imkanı olmayan tələbələr üçün “NİSYƏ DƏFTƏRİ”
Naxçıvan Dövlət Universitetində rüşvət verməyə imkanı olmayan tələbələr üçün “NİSYƏ DƏFTƏRİ”Bu gün, 10:37 |
|
Naxçıvan Dövlət Universitetində rüşvət verməyə imkanı olmayan tələbələr üçün “nisyə dəftəri” açıldığı bildirilir. Tələbələrin “Gündəlik Naxçıvan”a dediyinə görə, bu üsul əsasən diplom işlərinin qəbul etdirilməsi prosesində tətbiq olunur.
Onlar iddia edirlər ki, diplom işinin qəbul olunması üçün tələbələrdən 1000 manat rüşvət tələb edilir. Maddi imkanı zəif olan tələbələrdən əvvəlcə 200-300 manat alınır, qalan məbləği isə diplom hazır olana qədər hissə-hissə ödəmələrinə şərait yaradılır.
İqtisadiyyat və İdarəetmə fakültəsində təhsil alan türkiyəli tələbə M.Ç. deyir ki, yüksək səviyyədə yazılmış diplom işləri belə rüşvətsiz qəbul olunmur:
“Rəhbər müəllim tələbələrin özlərinin yazdığı diplom işlərini əsassız olaraq rədd edir, deyirlər ki, kəsiləcəksən. Mən də diplom işimi özüm yazmışdım, amma qəbul etmədilər. Min manat rüşvət istədilər.
Dedim pulum yoxdur, cəmi 200 manatım var. Dekanla məsləhətləşəndən sonra dedilər ki, 200 manatı ver, qalan məbləğ isə nisyə dəftərinə yazılacaq, diplomu alana qədər hissə-hissə ödəyərsən. Məcbur olub razılaşdım.”
Memarlıq fakültəsində təhsil alan digər tələbə N.C. isə deyir ki, nisyə borcunu qaytara bilmədiyi üçün 6 aydan çoxdur diplomunu ala bilmir:
“Yüz manatım var idi, verdim. Qalan məbləği də nisyəyə yazdılar ki, diplom hazır olana qədər ödəyərsən. İndiyə qədər cəmi 500 manat tapa bilib vermişəm.
İndi deyirlər ki, diplom hazırdır, nisyəni nə vaxt bağlasan, gəlib apara bilərsən. Altı aydır pul tapa bilmədiyim üçün diplomumu ala bilmirəm.”
Naxçıvan Dövlət Universitetindən tələbələrin iddialarına münasibət öyrənmək mümkün olmayıb.
Geri qayıt |