Əsas Səhifə > Manşet / Gündəm > "Bu sistemdə alın təri yox, kabinet havası qiymətləndirilir..."

"Bu sistemdə alın təri yox, kabinet havası qiymətləndirilir..."


Bu gün, 07:12
“Hörmətli” rəhbərlik! Peşəkarlıq əlavəsini elə paylayırsınız ki, adam düşünür ölkədə ən ağır işi kresloda oturmaqdır. Region rəisi nəfəs aldı — peşəkarlıq. Müavin telefona baxdı — peşəkarlıq. Şöbə müdiri iclasda baş yellədi — ikiqat peşəkarlıq. Xidmət rəisi bir sənədə imza atdı — qəhrəmanlıq səviyyəsində peşəkarlıq..." "DİA-AZ " xəbər verir ki, bunu özünün SOCAR Azəriqaz İstehsalat Birliyi rəhbərliyinə ünvanlanmış müraciətində sözügedən qurumun işçisi Daşqın Abbasov qeyd edib.
Müraciətdə daha sonra deyilir: "Amma səhərdən axşama qədər qazın içində, palçığın içində, şaxtada, istidə işləyən böyük mühəndisə, mühəndisə, ustaya, çilingərə gələndə cavab hazırdır:
“Büdcə yoxdur.”
Maraqlıdır, sistemdə ən çox işləyən adam ən az qiymət görür. Kabinetdə oturanın adı “rəhbərlik”, əziyyət çəkənin adı isə sadəcə “işçi”. Halbuki o kabinetlərdə istilik varsa, o istiliyi təmin edən məhz o “adi işçilərdir”.
Bir qəza olanda ilk kim gedir?
Rəis? Yox.
Müavin? Yox.
Şöbə müdiri? Əlbəttə yox.
Gedən mühəndisdir, usta və çilingərdir. Gecə saat 3-də yağışın altında xətti yoxlayan da odur, riskin içinə girən də odur, abonentin söyüşünü eşidən də odur. Amma mükafat gələndə yol kabinetlərə düşür.
Belə çıxır ki, SOCAR və Azəriqaz sistemində peşəkarlıq iş görənə yox, kreslo tutana verilir. Əziyyət çəkənlər sadəcə statistika üçündür. İş yükü aşağıdakılarda, imtiyaz yuxarıdakılarda.
Sonra da soruşurlar niyə kollektivdə narazılıq var.
Çünki bu sistemdə alın təri yox, kabinet havası qiymətləndirilir..."

Geri qayıt