Əsas Səhifə > Manşet / Siyasət > "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq...

"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq...


Bu gün, 04:48
"Lux Residence" tikinti şirkəti qanunsuz olaraq 86 yaşlı qadını evindən çıxarmağa çalışıb.
Hurriyyet.az xəbər verir ki, Bakı şəhər, Yasamal rayonu İ.Qutqaşınlı küçəsi ev 29 ünvanında yaşayan İbrahimova Piruzə Abusət qızı bu barədə Ajans.az-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, yaşadığı ərazinin və binanın satılmasından sonra "Lux Residence" tikinti şirkəti digər bina sakinləri ilə razılığa gəlsə də, onunla bağlı fərqli mövqe sərgiləyib. Belə ki, əvvəlcə onu məcburi şəkildə evindən çıxarmağa cəhd edib, o. etiraz etdikdən sonra isə məsələ məhkəməyə daşınıb.
Şikayətçinin sözlərinə görə, ona məxsus mənzilin sahəsi sənədlərdə 76 kvadrat metr olsa da, ilkin mərhələdə bu göstərici saxtalaşdırılaraq 55 kvadrat metr kimi təqdim edilib.
Üstəlik, digər sakinlərlə əldə olunan razılaşmaya əsasən, hər kvadrat metr üçün 4000–5000 manat məbləğində ödəniş təklif olunduğu halda, ona həmin qiymətin yarısından da aşağı məbləğ təklif edilib.
Qeyd edək ki, məhkəmə prosesində mənzilin sahəsinin 76 kvadrat metr olduğu təsdiqlənsə də, ödəniş hər kvadrat metr üçün 2200 manat müəyyən edilib. Sakin bu qərarla razılaşmadığını və hüquqlarının pozulduğunu iddia edir.
Şikayətçi Piruzə İbrahimova, bununla bağlı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət edib. Yaşlı qadın Mehriban xanımdan məsələnin obyektiv araşdırılmasına və digər sakinlər üçün təyin olunan ödəniş məbləğinin ona da şamil edilməsinə göstəriş verməsini xahiş edib.
Məlumat üçün onu da bildirək ki, Birinci vitse-prezident Mehriban Əliyevaya 86 yaşlı Piruzə İbrahimovanı şəxsən tanıyır. Əldə etdiyimiz məlumata görə, hətta pandemiya dönəmində Mehriban xanım ona mobil telefon da hədiyyə edib.
Hurriyyet.info

Geri qayıt