Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub

Neftçalanın icra başçısının köməkçisinə bağlı şirkət 4 aya 4 milyonluq tender udub


Bu gün, 17:05

Neftçala Rayon İcra Hakimiyyəti başçısının köməkçisinin iri dövlət tenderlərini qazanan şirkət strukturunda hallanması mümkün maraqlar toqquşması ilə bağlı suallar yaradır.

Gununsesi.info bildirir ki, Dövlət Turizm Agentliyinin xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana tanışlıq səfərlərinin təşkili ilə bağlı keçirdiyi tender müsabiqəsinin qalibi “VATA” MMC olub. Müqavilənin ümumi dəyəri 1 milyon 53 min 409 manat 97 qəpik təşkil edir.

Rəsmi məlumata görə, layihə çərçivəsində 14 ölkədən nümayəndələrin Azərbaycana səfəri təşkil olunacaq. Bu cür səfərlər demək olar ki, hər il təşkil olunur və bir o qədər də vəsait ayrılır.

“VATA” MMC 2021-ci ildə cəmi 50 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Bakı şəhərində yerləşən şirkətin qanuni təmsilçisi Faiq Məmmədovdur.

Açıq mənbələrdə yer alan məlumatlara görə, şirkət son 4 ay ərzində 15 dövlət tenderinin qalibi olub. Bu tenderlərin ümumi dəyəri 3 milyon 881 min manatdan çoxdur. Bu dinamika şirkətin qısa müddətdə dövlət satınalmalarında aktiv iştirak etdiyini göstərir.

4 ay ərzində 4 milyon manata yaxın tender udan “VATA” MMC “VATA GROUP” MMC-nin törəmə şirkətidir. Bu şirkətlər qrupuna “VATA FLY” və “VATA İNTERNEYŞINIL” MMC də daxildir. Hər üç şirkətin qanuni təmsilçisi Faiq Məmmədovdur.

Lakin “VATA GROUP” MMC-nin iki qanuni təmsilçisi də mövcuddur: Kənan və Vüsal Fuad oğlu Atayevlər. Vüsal Atayev Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidovun köməkçisidir. Kənan Atayev isə “ATA CONSULTING” şirkətinin rəhbəridir.

VATA – Vahid Azərbaycan Turizim Agentliyi özünü beynəlxalq aviaşirkətlərin rəsmi agenti kimi təqdim edir və AZAL, Turkish Airlines, Lufthansa, Qatar Airways kimi daşıyıcılarla əməkdaşlıq etdiyini bildirir. Eyni zamanda turizm sektorunda 20 ildən artıq təcrübəyə malik olduğunu və IATA akkreditasiyası aldığını qeyd edir.


Geri qayıt