Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR...
Məhkəmə qərarı var, AMMA İCRA YOXDUR...Bu gün, 12:08 |
|
"Azərbaycanda mülkiyyət toxunulmazlığı konstitusiya ilə qorunsa da, paytaxtın Yasamal rayonunda (Bina 17-16) baş verən bir hadisə qanunların bəzi şəxslər tərəfindən necə heçə sayıldığını açıq şəkildə nümayiş etdirir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva qeyd edib.
Jurnalist daha sonra bildirir: "Artıq 30 ildir ki, Laçının Minkənd kəndindən olan bir qrup şəxs vətəndaşların şəxsi mülkiyyəti olan mənzilləri zəbt edərək orada qanunsuz məskunlaşıblar.
Ən acınacaqlı məqam odur ki, məsələ ilə bağlı artıq konkret məhkəmə qərarı mövcuddur. Məhkəmə həmin şəxslərin özgə mülkündən çıxarılması barədə qəti qərar versə də, qanunsuz məskunlaşanlar bu günə qədər həmin mənzilləri boşaltmaqdan imtina edirlər.
Dövlətin adından çıxarılan qərarın icra olunmaması təkcə bir vətəndaşın hüququnun pozulması deyil, həm də ölkənin hüquq sisteminə və qanunvericiliyinə qarşı aşkar bir hörmətsizlikdir.
Öz Mülkü Ola-Ola Başqasının Evini Zəbt Etmək: "Qaçqın" Adı Altında Biznes?
Araşdırmalar göstərir ki, bu şəxslərin kənarda şəxsi mülkiyyətləri, yaşamaq üçün evləri mövcuddur. Onlar öz evlərini kirayə verərək qazanc əldə etdikləri halda, vətəndaşın mülkünü zəbt edib orada yaşamağa davam edirlər.
Bu, artıq ehtiyacdan doğan bir məskunlaşma deyil, vətəndaşın mülkiyyətini istismar etmək və qanunsuz yollarla mənfəət güdməkdir.
Sual Olunur: Kim Göz Yumur?
Bu qədər faktın, çəkilmiş foto-sübutların və ən əsası, qüvvəyə minmiş məhkəmə qərarının fonunda bu qanunsuzluğa kimlər şərait yaradır? Aidiyyəti icra qurumları niyə hərəkətə keçmir?
Bir qrup şəxsin dövlət qanunlarını və məhkəmə qərarlarını bu dərəcədə görməzdən gəlməsi cəmiyyətdə haqlı narazılıq doğurur. Ədalətin bərpası üçün mütləq şəkildə qanunun sərt üzü göstərilməli və zəbt olunmuş mülklər dərhal sahiblərinə qaytarılmalıdır.
Məsələ diqqətimizdədir və aidiyyəti qurumların bu özbaşınalığa verəcəyi reaksiyanı izləyirik..."
Geri qayıt |