Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > Camalovun xaraba günə qoyduğu Zərdab...

Camalovun xaraba günə qoyduğu Zərdab...


Bu gün, 10:29

Zərdab rayonunun Mehdi Hüseyn küçəsindəki acınacaqlı vəziyyəti əks etdirən görüntüləri təqdim etmişdik. Həmin kadrlarda şəhərin mərkəzi küçələrindən birinin faktiki olaraq çirkab suların axıdıldığı açıq kanala çevrildiyi aydın görünürdü.
Bu hal nəinki səhlənkarlıq, artıq açıq-aşkar məsuliyyətsizlik və vəzifə borcuna laqeyd yanaşmanın göstəricisi kimi qiymətləndirilmişdi.
Zərdab rayonunda rüsvayçılıq: mərkəzi küçə çirkab kanalına çevrilib
Məsələnin aktuallığını nəzərə alaraq, qarşı tərəfin mövqeyini öyrənmək üçün şəhər icra nümayəndəsi Səməd Cəfərovla əlaqə saxladıq. O, açıqlamasında yaranmış problemin səbəbkarı kimi yerli sakinləri göstərdi. Bununla yanaşı, icra başçısı Mərdan Camalzadə haqqında yüksək fikirlər səsləndirərək onu xeyli təriflədi. Amma eyni zamanda S. Cəfərov söhbət zamanı mövcud vəziyyətdən icra başçısının da xəbərdar olduğunu etiraf etdi.

Beləliklə də o, tərifin içində rəhbərini “həm öydü, həm də əydi”. Bir tərəfdən başçının rayon ərazisində xeyli işlər gördüyünü deyir, digər tərəfdən isə problemin mövcudluğu və bu barədə başçının da məlumatlı olunduğunu deyərək, “xəbəri var, amma tədbir görmür” mesajını ötürmüş oldu. Və bu da haqlı olaraq suallar doğurur – əgər vəziyyətdən xəbər var idisə, niyə vaxtında tədbir görülməyib?

Sakinlərin hər gün üzləşdiyi antisanitar vəziyyət, üfunət və çirkab axıntıları artıq sadəcə narahatlıq deyil, ciddi sağlamlıq riski yaradır. Dövlət büdcəsindən ayrılan vəsaitlər fonunda belə bir mənzərənin mövcudluğu isə idarəetmədə boşluqların olduğunu açıq şəkildə göstərir.

Aidiyyəti qurumların bu məsələyə dərhal reaksiya verməsi, problemin aradan qaldırılması və məsul şəxslərlə bağlı konkret addımların atılması artıq zərurətə çevrilib. Əks halda, bu cür halların davam etməsi qaçılmaz olacaq və məsuliyyət birbaşa vəzifəli şəxslərin üzərində qalacaq.

Mediatvaz.com



Geri qayıt