Əsas Səhifə > Manşet / Hadisə > "Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..."

"Bu gün sadə neftçi yaşamaq uğrunda mübarizə aparır..."


Bu gün, 07:10

"Bu müraciət təkcə bir narazılığın ifadəsi deyil, uzun illər zəhməti ilə bu sahəni ayaqda saxlayan insanların səsinin çatdırılması cəhdidir..." "DİA-AZ" xəbər verir ki, bu sözlər Anar Bədəlov adlı SOCAR işçisinin şirkətin prezidenti Rövşən Nəcəfə ünvanladığı müraciətində yer alıb.
Müraciətdə daha sonra deyilir: "Artıq beş ildir ki, neft sektorunda əməkhaqlarının ümumi artımı müşahidə olunmur. Bu müddət ərzində isə şirkətin yüksək vəzifəli şəxslərinin və mühəndis heyətinin əməkhaqlarında müxtəlif formalarda artımlar həyata keçirilmiş, “peşəkarlıq” adı altında əlavə ödənişlər tətbiq olunmuşdur.
Lakin eyni yanaşma fəhlə və texniki heyətə şamil edilməmişdir. Halbuki, məhz onlar dənizin sərt şəraitində, gecə-gündüz, isti-soyuq demədən çalışaraq ölkənin əsas iqtisadi dayaqlarından biri olan neft hasilatını təmin edirlər.
Son beş ildə ölkədə baş verən inflyasiya isə bu insanların həyatını daha da çətinləşdirmiş, onların sosial rifahını ciddi şəkildə sarsıtmışdır. Bu gün sadə neftçi yalnız işləmək yox, eyni zamanda dolanmaq uğrunda mübarizə aparır.
Ulu Öndər Heydər Əliyev zamanında irəli sürülən “biz neft kapitalını insan kapitalına çevirəcəyik” kimi strateji baxış bu gün də aktuallığını qoruyur. Lakin mövcud vəziyyət, xüsusilə əməkhaqqı siyasətindəki bu ikili yanaşma, həmin böyük ideyanın həyata keçirilməsinə kölgə salır və suallar doğurur.
Bəzən isə insan düşünür ki, bu zəhmətin, bu fədakarlığın nəticəsi doğrudan da onu yaradanlara çatırmı? Şairin dediyi kimi:
“Bir Vətən mülkünə bax, gör nə gülüstanım var,
O gülüstanda gəzmədikdən sonra, nə mənası var?!”
Bu misralar sanki bugünkü reallığın sətiraltı ifadəsinə çevrilir — yaradılan dəyərin içində olub, ondan yetərincə faydalana bilməməyin acı təəssüratını əks etdirir.
Hörmətli cənab prezident,
Bu müraciət illərdir ətalət vəziyyətində qalmış əməkhaqlarında dəyişiklik ediləcəyinə və daha ədalətli yanaşmanın təmin olunacağına ümidlə yazılır. Çünki bu sahəni ayaqda saxlayan təkcə resurslar deyil — insanlardır. Və o insanlar diqqət və ədalət gözləyir.
Ümid edirik ki, fəhlə və texniki heyətin əməyinə verilən dəyər də onların zəhməti ilə uyğun səviyyədə qiymətləndiriləcək və bu istiqamətdə konkret addımlar atılacaq".

Geri qayıt