Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > İcra hakimiyyəti toyuqla adama fərq qoymur: Zirədə üfunət qalmaqalı
İcra hakimiyyəti toyuqla adama fərq qoymur: Zirədə üfunət qalmaqalıBu gün, 16:47 |
|
Zirə qəsəbəsi sakinləri yaşadıqları ərazidə “Zirə Broyler” adı ilə fəaliyyət göstərən toyuq fermasından şikayətçidirlər.
Bakupost.az xəbər verir ki, fermadan yayılan kəskin və dözülməz üfunət sakinlərin həyatını faktiki olaraq iflic edib. Ərazi sakinləri bildirirlər ki, qoxu o qədər ağırdır ki, evlərdə pəncərə açmaq, həyətə çıxmaq belə mümkünsüz hala gəlib.
Sakinlərin sözlərinə görə, vəziyyət xüsusilə isti havalarda daha dözülməz olur:
“Qoxudan nəfəs almaq mümkün deyil. Uşaqlar çölə çıxa bilmir, yaşlılar xəstəlik tapır. Evdə qalmaq da, çöldə olmaq da əzaba çevrilib”.
Onlar bildirirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər. Bir müddət fermanın fəaliyyəti dayandırılsa da, bu, uzun çəkməyib.
Sakinlərin iddiasına görə, müəssisə qısa fasilədən sonra yenidən fəaliyyətini bərpa edib və əvvəlkindən də rahat şəkildə işləməyə başlayıb:
“Sanki heç nə olmamış kimi yenidən başladılar. Heç kim də nəzarət etmir”.
Yerli əhali hesab edir ki, problemin bu qədər uzanması və effektiv tədbir görülməməsi ciddi suallar doğurur.
Mövzu ilə bağlı fermanın sahibi (icarədar) Pənahlı Anar Fikrət oğlu ilə əlaqə saxladıq. O, Bakupost.az-a bildirdi ki, ferma 2002-ci ildən fəaliyyət göstərir və çıxarışlı, xüsusi mülkiyyət torpağında yerləşir:
“Bu ferma tikiləndə burada heç bir əhali yaşamırdı. İnsanlar gəlib burada gecəqondu tikəndə görürdülər ki, ferma var. Günah onların özlərindədir. Bu gün baxırsan ki, ərazidə ev yoxdur, sabah bir də baxırsan ev tikiblər, üstünə də örtüblər. İndi araşdırın görün, o şəxslərdən neçəsinin sənədi var? Birinin sənədi varmı? Aidiyyəti qurumların hamısı – Ekologiya Nazirliyi, icra hakimiyyəti, Qida Təhlükəsizliyi Agentliyi 2-3 dəfə gəlib baxış keçiriblər. Azı 14-15 qurum gəlib. Tikinti qanunidir, dövlət və icra hakimiyyətindən icazə alınıb, çıxarış da var. Ərazi asfaltlanıb, havalandırma sistemi qurulub. İndi məlum məsələdir ki, toyuq saxlanılırsa, iy olacaq da. İkincisi də mən gedib bulvarın qırağında ferma tikməmişəm ki… Öz kəndimdir də. Öz kəndimdə kasıbçılıqla məşğuluq da”.
Qeyd edək ki, ərazidəki yaşayış evlərinin böyük hissəsinin çıxarış sənədinin olması həmin torpaqların “yaşayış məntəqələri” təyinatlı kateqoriyaya aid olduğunu göstərir. Azərbaycan qanunvericiliyinə əsasən torpaqlar təyinatına görə kateqoriyalara bölünür və hər bir torpaq sahəsi yalnız müəyyən olunmuş məqsədlər çərçivəsində istifadə edilə bilər. Məsələn, kənd təsərrüfatı təyinatlı torpaqlar aqrar fəaliyyət üçün, sənaye, nəqliyyat və digər istehsal obyektləri isə müvafiq olaraq sənaye təyinatlı torpaqlarda yerləşdirilməlidir.
Bu baxımdan, eyni ərazidə yaşayış təyinatlı torpaqlarla yanaşı belə bir ferma fəaliyyətinin mövcudluğu torpaqdan istifadə qaydaları ilə bağlı uyğunsuzluq ehtimalını gündəmə gətirir. Torpağın kateqoriyası və məqsədli təyinatı dəyişdirilmədən fərqli fəaliyyətin həyata keçirilməsi isə qanunvericiliyin tələblərinə uyğun hesab olunmur və bu, aidiyyəti icra orqanlarının vaxtilə verdiyi qərarların hüquqi əsaslılığı ilə bağlı suallar yaradır.
Xəzər Rayon İcra Hakimiyyətindən Bakupost.az-ın sorğusuna cavab olaraq bu məqama aydınlıq gətirilməyib, sadəcə bildirilib ki, sözügedən ferma müqavilə əsasında rəsmi şəkildə “Azərtaxıl” MMC-nin icarəsində fəaliyyət göstərir.
İcra hakimiyyətindən fermanın yerləşdiyi torpağın təyinatı ilə bağlı sualımıza isə cavab verilməyib.
Qida Təhlükəsizliyi Agentliyindən isə sorğumuza cavab olaraq fermanın rəsmi çıxarış sənədi təqdim edilib:
“Bu çıxarışla təsdiq edilir ki, qida məhsulları sahəsində fəaliyyət göstərən subyekt qida təhlükəsizliyi qeydiyyatına alınmışdır”.
Geri qayıt |