Əsas Səhifə > Manşet / Ölkə > Bir uşağın həyatı ilə sənəd oyunu...

Bir uşağın həyatı ilə sənəd oyunu...


12-04-2026, 08:49

"Səhiyyədə "müasirlik" deyəndə ağla gələn ilk müəssisələrdən biri olan Yeni Klinika, təəssüf ki, növbəti dəfə xəstə xidmətindən çox, idarəçilik və peşəkarlıq qüsurları ilə gündəmə gəlir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Sima Babayeva yazıb.

O daha sonra bildirir: "2011-ci il təvəllüdlü, dializə möhtac 15 yaşlı bir uşağın – İsmayılov Yusif Eşqin oğlunun başına gələnlər, sistemin daxildən necə çürüdüyünün və xəstə sənədlərinə qarşı göstərilən laqeydliyin bariz nümunəsidir.

​Şəxsiyyəti "Dəyişdirilən" Xəstə: Sənədlərdəki Biabırçılıq
​Yeni Klinikanın təqdim etdiyi rəsmi radiologiya nəticələrinə nəzər salanda insan dəhşətə gəlməyə bilmir. Xəstə Yusif adlı oğlan uşağı olduğu aydın şəkildə qeyd edilsə də, klinikanın rəsmi sənədində xəstənin cinsiyyəti "Qadın" olaraq göstərilib. Bu da azmış kimi, doğum tarixi bölməsinə 01/01/0001 yazılaraq xəstənin yaşı gülünc və qeyri-ciddi bir formaya salınıb. Bir dövlət əhəmiyyətli müəssisədə xəstənin ən fundamental məlumatlarının – cinsinin və yaşının belə düzgün qeyd olunmaması, orada aparılan müalicənin keyfiyyəti barədə hansı ümidləri bəsləməyə imkan verir?
​Xəstə yaxınlarının iddialarına görə, Yusif Yeni Klinikaya transfer edilsə də, burada lazımi profil üzrə ixtisaslaşmış böyrək həkimi (nefroloq) tapmaq müşkülə çevrilib. Uşaq reanimasiyaya yerləşdirilib, dializ edilir, lakin prosesə nəzarət edən konkret bir mütəxəssisin olmaması valideynlərin haqlı narazılığına səbəb olur. Əgər bir klinikada lazımi şöbə və mütəxəssis bazası yoxdursa, ağır vəziyyətdə olan xəstəni niyə orada "girov" saxlayırsınız?
​Ürək Funksiyaları Təhlükədə
​Rəsmi exokardioqrafiya nəticələri göstərir ki, xəstənin ürək atılma fraksiyası (EF) 44%-ə düşüb və sistolik funksiyalar enib. Bu, dializ alan bir uşaq üçün həyati təhlükə deməkdir. Belə kritik bir məqamda sənədləşməni belə dürüst apara bilməyən bir personalın müalicə taktikasının doğruluğuna kim zəmanət verə bilər?
​Xəstə yaxınları haqlı olaraq Yusifin təcili şəkildə peşəkar böyrək mərkəzi olan M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına transferini tələb edirlər.
​Yeni Klinika rəhbərliyindən və TƏBİB-dən cavab gözləyirik:
​Bir xəstənin sənədində cinsiyyəti və yaşı necə bu qədər kobud şəkildə səhv yazıla bilər?
​İxtisaslaşmış mütəxəssis olmadığı təqdirdə ağır xəstənin transferi niyə yubadılır?
​Səhiyyə kağız üzərində deyil, xəstə başında göstərilən diqqətlə ölçülür. Təəssüf ki, Yeni Klinika bu imtahandan hələ ki, "qeyri-kafi" alır..."


Geri qayıt