Əsas Səhifə > Manşet / Gündəm > Dövlət Əmək Müfəttişliyi QOÇULUQ EDİR

Dövlət Əmək Müfəttişliyi QOÇULUQ EDİR


13-03-2026, 07:50

"Rəhbərlik etdiyim "Agroup Region" MMC ilə bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinin yol verdiyi ciddi hüquqi xəta və vətəndaş mağduriyyəti barədə ictimaiyyəti məlumatlandırmaq istəyirəm..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində "Agroup Region" MMC-nin rəhbəri, Nəriman Qarayev qeyd edib.
O daha sonra fikrini belə davam etdirir:

"1. Mövcud olmayan fəaliyyətə cərimə yazılması
Dövlət Əmək Müfəttişliyi Xidməti 05.11.2025-ci ildə rəhbəri olduğum "Agroup Region" MMC-yə 1.500 (min beş yüz) manat məbləğində inzibati cərimə (MN 1002389 nömrəli qərar) tətbiq edib. Nəzərinizə çatdırmaq istəyirəm ki:
· "Agroup Region" MMC-nin fəaliyyəti hələ 23.12.2024-cü il tarixdə Dövlət Vergi Xidmətinə edilən rəsmi müraciət əsasında rəsmən dayandırılmışdır.
· Cərimə kəsilən tarixdən tam 11 ay əvvəl fəaliyyəti, işçisi və dövriyyəsi olmayan bir müəssisəyə əmək qanunvericiliyinin pozulması iddiası ilə cərimə yazmaq hansı məntiqə sığır?
· Dövlət qurumları arasında koordinasiya niyə yoxdur?
2. "Elektron Bürokratiya" və Vətəndaşın Hüquqlarının Boğulması
Mən bu qanunsuz cərimədən şikayət etdikdə, Dövlət Əmək Müfəttişliyi Xidməti şikayətimin mahiyyətinə (yəni fəaliyyətin olmaması faktına) baxmaq əvəzinə, məsələni prosedur bəhanəsi ilə ört-basdır edir. Xidmətin 26.02.2026-cı il tarixli qərarında (İş № 3-17-5/1-Q-17849/2026) bildirilir ki, mən şikayəti 20 günlük müddəti ötdükdən sonra vermişəm.
Sual olunur: Fəaliyyəti rəsmən dayandırılmış, heç bir işçisi olmayan şirkətin rəhbəri niyə hər gün "bəlkə mənə qanunsuz cərimə yazarlar" deyə elektron kabineti yoxlamalıdır? Vətəndaşın rəsmi sənədlə fəaliyyətini dayandırdığı bir müəssisəyə cərimə yazıb, sonra da "vaxtında şikayət etmədin" demək vətəndaşa qarşı qurulmuş bürokratik tələ deyilsə, nədir?
3. Ədalət Yoxsa Rəqəmlər?
Dövlət Əmək Müfəttişliyi Xidməti vətəndaşın şikayətinə mahiyyəti üzrə baxmaqdan imtina edərək, aşkar qanunsuzluğu "prosedur qaydaları" arxasında gizlədir. Bu, sadəcə 1.500 manat məsələsi deyil, dövlət qurumunun öz səhvini vətəndaşın üzərinə yıxması məsələsidir. Fəaliyyəti dayandırılmış şirkətə 11 ay sonra yazılmış qanunsuz cərimədən şirkətin keçmiş məsul şəxsinin xəbəri olmadığına görə cərimə yazılması və bu cərimənin silinməsi tələbinə loru dildə desək “gecikmisən artıq vaxtında müraciət edərdin” nə dərəcədə ədalətli və məntiqidir?
Mən aidiyyatı dövlət qurumlarından, xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və İqtisadiyyat Nazirliyindən bu hüquqi özbaşınalığa son qoyulmasını, fəaliyyəti dayandırılmış şirkətə yazılan əsassız cərimənin ləğv edilməsini tələb edirəm.
Ədalət prosedurlardan, vətəndaşın hüququ isə elektron bildirişlərdən üstün olmalıdır!"


Geri qayıt