Əsas Səhifə > Manşet / Siyasət > "Bizə belə münasibət göstərilməməlidir"

"Bizə belə münasibət göstərilməməlidir"


Dünən, 09:49

"Bu dəfə DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi 44 günlük müharibə veteranlarını işsiz qoyur? Niyə a "dost"? Onların balalarının suçu nə?
Görəsən, kimsə (hansısa qurum) buna görə vicdan əzabı çəkir?" "DİA-AZ" xəbər verir ki, bu etiraz dolu müraciəti özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
Xatırladaq ki, son günlər Azəriqaz İB Ağsu RQİİ Göyçay XS qaz təsərrüfatı nəzarətçisi yanında yardımçı fəhlə vəzifəsində çalışan bir qrup 44 günlük Vətən müharibəsi veteranına əmək müqavilələrinin müddətinin başa çatması ilə bağlı rəsmi bildirişlərin göndərildiyi bildirilir.
Məlumata görə, bildirişlərdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinə istinad edilərək müddətli əmək müqavilələrinin bitməsi əsas gətirilir. Bu isə cəmiyyətdə, xüsusilə də müharibədə könüllü iştirak etmiş, çoxuşaqlı və aztəminatlı ailələrin başçıları olan veteranlar arasında ciddi narahatlıq yaradıb.
Qeyd edək ki, sözügedən şəxslərin əksəriyyəti həssas qruplardan olan , 3 və ya 4 azyaşlı övladı olan, aylıq cəmi 378 AZN əməkhaqqı ilə dolanan, yeganə gəlir mənbəyi bu iş olan müharibə veteranlarıdır. Onlar Vətənimizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə heç bir təmənna güdmədən, könüllü şəkildə iştirak ediblər.
Bu gün isə həmin şəxslər, dövlətə sədaqətlərini döyüş meydanında sübut etmələrinə baxmayaraq, işsiz qalmaq riski ilə üz-üzədirlər. Veteranlar və çoxuşaqlı ailə başçıları sosial baxımdan həssas qrup hesab olunur və bu kateqoriyadan olan şəxslərlə bağlı qərarlar qəbul edilərkən sosial ədalət və humanizm prinsipləri əsas götürülməlidir.
Veteranlar bildirirlər ki, dövlətin onlara hər zaman göstərdiyi diqqət və qayğıya inanırlar. Bu baxımdan, əmək münasibətlərinin davam etdirilməsi və ya alternativ iş yerləri ilə təmin olunmaları üçün aidiyyəti qurumlardan məsələyə həssas yanaşma gözləyirlər.
Məlumata görə, bir qrup müharibə veteranı məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi müraciətlər hazırlayır.
Veteranlar ümid edirlər ki, aidiyyəti dövlət qurumları bu məsələni diqqətdə saxlayacaq, onların işlə təminatı və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müvafiq addımlar atacaq.
"DİA-AZ" bildirir ki, bu olay sosial şəbəkələrdə də geniş rezonansa nədən olub. Ramin Məmmədov adlı sosial şəbəkə istifadəçisi yazır: "Məsələ burasındadır ki, aylıq 378 azn əmək haqqı ilə dolanan bu kasıbdan nə istəyirlər??? Hörmətli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Veteranlara diqqət göstərmək lazımdır... Onlara haralardansa sizə müraciət göndərməli deyil, həsrətlə müqavilə artırılmasını gözləməli deyil. Ümidvarıq bu işdə onlara köməklik göstərib bu vəziyyəti aradan qaldıracaqsız...."
Ramazan Havalayev adlı istifadəçi (həm də Vətən Müharibəsi iştirakçısı) isə bunları qeyd edir: "Bu vətən, bu millət, bu dövlət üçün 44 gün güllənin minamyotun altında... palçıqda, yağışda, ac-susuz vuruşan oğullar görəsən, kimləri narahat edir? Bizlər üzərimizə düşən işi və tapşırığı yerinə yetirmişik. Amma bu gün etdiklərimizə görə bizə belə münasibət göstərilməməlidi.
Hər gün yeni məlumat çıxır: elə olacaq... belə olacaq... Dünyanın bütün ölkələrində ərazi bütövlüyü üçün döyüşən şəxslərə lazımi diqqət və qayğı göstərilir. Ali baş komandanın tapşırıqlarını bəzi şəxslər icra etmək istəmir, deyəsən.
Axı cənab Prezident tapşırıb ki, müharibə veteranlarına iş yerlərində diqqət və qayğı gösterilsin..."
Məsələ diqqətimizdədir...

Geri qayıt