|

Tanınmış yazıçı-jurnalist Murad Köhnəqala daxili işlər naziri general-polkovnik Vilayət Eyuvazova müraciət edib.
Gununsesi.info həmin müraciəti təqdim edir:
Hörmətli cənab nazir! Bu müraciəti sizə ailə üzvləri haqsızlıqla üzləşən bir vətəndaş kimi yazıram. Məsələ belədir: Abşeron rayonu, Məmmədli qəsəbəsində keçmiş həyat yoldaşım Zərəngiz Qasımovanın adına kupçalı 3 sot torpaq sahəsi vardı. Torpaqla qonşu olan Hümmətov İlkin Eldar oğlu Zərəngiz Qasımovaya və oğluma tez-tez həmin torpağı satın almaq, öz evinin həyətinə əlavə etmək istədiyini bildirirdi. Lakin dəyərindən ucuz qiymət təklif etdiyinə görə hər dəfə imtina cavabı alırdı. Çünki Zərəngiz xanım o torpaq sahəsini normal qiymətə satıb özlərinə kiçik bir həyət evi almaq istəyirdi. Torpaqda gözü olan qonşu İlkin Hümmətov bir gün oğluma zəng edərək: “Sizin torpağı kiçik həyət evi ilə dəyişmək istəyən adam var, gəlin sizi tanış edim” – demişdi. Oğlum anası ilə birlikdə, özünü İlkinin dostu kimi qələmə verən və torpağı öz həyət evi ilə dəyişmək istəyən Dövlətov Cavanşir Duvangir oğlunun Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 0.25 ha torpaq sahəsində tikilmiş həyət evinə baxmağa gedirlər. Onlar Cavanşirin göstərdiyi evə baxıb bəyənir, torpaqla dəyişməyə razılaşırlar. Sonra İlkin Hümmətov hər iki tərəfi Binədə yerləşən, doğma əmisi Ramiz Hümmətovun rəis olduğu 31 saylı Notariat Kontoruna aparır. Qurulmuş saxta alqı-satqıda Cavanşir Dövlətovu nədənsə, onun qohumu İbrahimov Teymur Məhərrəm oğlu əvəz edir. Sənədləşdirmə zamanı notarius rəisi Ramiz Hümmətov, Cavanşirin nümayəndəsi Teymur İbrahimov və İlkin Hümmətov Zərəngiz Qasımovaya, 3 sot torpağı Cavanşirin adına yox, İlkin Hümmətovun həyat yoldaşı Hümmətova Gülüstan Bəşir qızının adına sənədləşdirməyi təklif edirlər. Səbəbini soruşduqda Zərəngizə izah edirlər ki, guya Cavanşirin İlkinə təxminən 3 sot torpağın dəyəri qədər borcu var. Danışıq belə olur, demək, Zərəngiz öz torpağını İlkinin həyat yoldaşı Gülüstan Hümmətovaya simvolik olaraq “satır” və əvəzində Cavanşir Dövlətovun onlara göstərdiyi evə “sahib olur”. Beləliklə, Zərəngiz Qasımova Biləcəri qəsəbəsində ona göstərilən həyət evinin müqabilində özünün adına olan 3 sot torpağı İlkinin həyat yoldaşı Gülüstan Hümmətovanın adına sənədləşdirməyə razılaşır. Nəticədə, Məmmədli qəsəbəsində yerləşən kupçalı 3 sot torpaq sahəsi əlindən çıxan Zərəngiz Qasımovaya notarius rəisi Ramiz Hümmətov saxta bələdiyyə sənədində göstərilən iki otaqlı həyət evi “verir”. Yuxarıda qeyd etdiyim saxta alqı-satqı prosesi bu cür aparılıb: 31 saylı Noitariat Kontorunun rəisi Ramiz Hümmətov Zərəngiz Qasımovaya simvolik alqı-satqı prosesində iştirak etməyi xahiş edir. Belə ki, Ramiz Hümmətov Zərəngiz Qasımovaya 6 (altı) min manat verərək, pulu kamera altında saymağı təklif edir. Zərəngiz Qasımova dövlət məmurunun təklifi ilə razılaşaraq heç nədən şübhələnmədən həmin məbləği sayır və çəkiliş bitdikdən sonra Ramiz Hümmətov pulu ondan geri alır. Beləliklə, 27.09.2022-ci il tarixdə Qasımova Zərəngiz Qədim qızı özünə məxsus olan torpağı guya, Gülüstan Hümmətovaya 6 min manata “satır”. Əvəzində isə Cavanşir Dövlətovun Biləcəri qəsəbəsində ona göstərdiyi evi “alır.” Az müddətdən sonra məlum olur ki, notarius rəisi Ramiz Hümmətovun təsdiq edib möhür vurduğu alqı-satqı müqaviləsindəki Dövlətov Cavanşirin adına olan saxta sənəddə göstərilən ev tamamilə başqa şəxsə məxsusdur. Beləliklə, satış üçün saxta sənədə möhür vurub qol çəkən səlahiyyətli dövlət məmuru, Notariat kontorunun rəisi Ramiz Hümmətov, onun qardaşı oğlu İlkin Hümbətov və fırıldaqçı Cavanşir Dövlətov əlbir olub keçmiş həyat yoldaşım Zərəngiz Qasımovanın 3 sot torpağını dələduzluq yolu ilə əlindən alırlar. Hələ həmin alqı-satqı prosesinə qədər, Zərəngiz Qasımova qarşı tərəfin istəklərinə uyğun olaraq guya həmin evin müəyyən avadanlıqları üçün dəfələrlə bank hesabı vasitəsilə Cavanşir Dövlətovun həyat yoldaşı Əliyeva Ramilənin adına olan bank hesabına 1500 (min beş yüz) manat pul vəsaiti (çeklər durur) göndərib, üstəlik də notarius idarəsində gedən həmin proseslər üçün 600 manat ödəyib. Zərəngiz Qasımova aldadıldığını başa düşəndə Binəqədi rayon polis idarəsinə müraciət edib. Polis idarəsinin müstəntiqi Rövşən Cavadova bütün bu dələduzluq prosesi haqda məlumat verilsə də indiyədək heç bir nəticə əldə olunmayıb. Araşdırma zamanı o da məlum olub ki, torpağı əlindən alınmış Zərəngiz Qasımova Cavanşir Dövlətovun yeganə “qurbanı” deyil. Belə ki, həmin Cavanşir dələduzluq yolu ilə çoxlu sayda vətəndaşın pulunu və əmlakını mənimsəyibmiş. Cavanşir Dövlətov işi ilə bağlı Abşeron Rayon məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə iki məhkəmə prosesi keçirilib. Lakin nədənsə, məhkəmə icraçıları cavabdeh şəxs kimi Cavanşiri heç bir məhkəmə iclasına “gətirə bilməyiblər”. Polis idarəsindən keçmiş xanımıma bildirilib ki, Cavanşir Dövlətovun yol polisində işləyən qaynı Əliyev Rahib Tahir oğlu Cavanşirin bəzi zərərçəkənlərə vurduğu maddi zərəri ödəyib. Lakin Cavanşirin anası Əzizə xanım dəfələrlə Zərəngiz Qasımovaya zəng edib, bir daha şikayət etməyəcəyi müqabilində oğlunun ona vurduğu zərəri ödəyəcəyini söz versə də bu günədək heç bir məbləğ ödənilməyib. Sonuncu dəfə, 2025-ci il 15 dekabrda Xəzər rayon polis idarəsinin baş müstəntiqi Mehman Şirinov bu işlə bağlı Zərəngiz Qasımovadan yazılı izahat alıb, həm də ondan Ramiz və İlkin Hümmətovların telefon nömrələrini götürüb, lakin indiyə qədər bizə məlum olan heç bir əməli iş görülməyib.
Cənab nazir!
İnanıram ki, sayənizdə bu problem öz həllini tapacaq, dələduzlar cinayət məsuliyyətinə cəlb olunacaq, Zərəngiz Qasımovanın torpaq sahəsi özünə qaytarılacaq və bu müraciət də bizim sonuncu şikayətimiz olacaqdır.
Gununsesi.info
Geri qayıt
|