Əsas Səhifə > Manşet / Gündəm > "Yeni Klinika"da skandal: Şəkər xəstəsini saatlarla ac saxlayıb qapıdan qovdular

"Yeni Klinika"da skandal: Şəkər xəstəsini saatlarla ac saxlayıb qapıdan qovdular


20-02-2026, 06:56

Vətəndaş iddia edir ki, “Yeni Klinika” həkimləri tərəfindən onun anasına qarşı kobud davranılıb.

Yenicag.az xəbər verir ki, jurnalist fəaliyyəti ilə məşğul olan Safiyar Müzəffər əməliyyat zamanı “Yeni Klinika” həkimlərinin onun anasına qarşı məsuliyyətsiz və kobud rəftar etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, endoskopiya üçün müraciət etdiyi xəstəxanada hələ girişdə saat problemi ilə qarşılaşıb. S. Müzəffər xəstəxanada baş verənləri belə izah edir:

“Bizə əvvəlcədən deyilmişdi ki, əməliyyat 40–50 dəqiqə çəkəcək. Lakin saat 12-yə işləmişə qədər gözlədim və artıq ciddi narahat olmağa başladım. İçəri daxil olub tibb işçilərindən məlumat aldım. Bildirdilər ki, guya bu gün narkoz vurulmayan xəstələrin günüdür, amma mənim anama narkoz lazımdır və narkoz həkimini gözləyirlər. ‘Biz gözləyirik, siz də gözləyin’ deyə cavab verdilər.

Əlavə 1 saat 30 dəqiqə də keçdi. Birdən gördüm ki, anam koridorda gəzir. Yaxınlaşdım, çox halsız idi. Dedi ki, ‘oğul, gözlə, həkim analiz cavabını versin, gedək’. Daha 2 saat da sənəd üçün gözlədik. Saat artıq 16:00-a yaxınlaşırdı.

Yaxınlaşıb soruşdum ki, bir kompüterdən çıxarılan cavabı vermək niyə bu qədər vaxt aparır? Bu vaxt gördüm anam ağlayır. Səbəbini soruşanda dedi ki, ‘doktor’ Ülviyyə Talıbovadan sənədi soruşanda onun üstünə qışqırıb. ‘Qapını ört çıx bayıra’ cavabını verib.

Bundan sonra Yeni Klinikanın mətbuat xidməti ilə əlaqə saxladım. Sağ olsunlar, səhv etmirəmsə adı Nərmin xanım idi, dərhal gəlib məsələni yerində həll etdi. Cəmi 3 dəqiqəyə bizə verilməli olan sənədi təqdim etdilər. Xanım əməkdaşa təşəkkür edib klinikanı tərk etdik.

Sonradan anam dedi ki, içəridə həkim onunla prinsip aparıb. Səbəb isə belə olub: gözləmə zamanı bir vətəndaş əsəbi halda ucadan danışırmış. Həkim elə bilib ki, həmin şəxs mənəm. Anama deyib ki, ‘oğlunuz çöldə səs-küy salır, ona tərbiyə vermək lazımdır’.

Anam növbədə birinci xəstə olduğu halda, barmaqlarına tibbi avadanlıqlar taxılıb hazır vəziyyətə gətirilibmiş. Lakin həkim göstəriş verib ki, avadanlıqlar çıxarılsın və bu xəstə gözləsin. Nəticədə növbədə birinci ola-ola digər xəstələr qəbul olunub, anam isə ən sonda əməliyyata salınıb.

Saat 12:30-da əməliyyatdan çıxmış, şəkər xəstəsi, ürək əməliyyatı keçirmiş və iki gündür qida qəbul etməmiş bir insanı sadəcə kompüterdən çıxan bir sənədə görə 2 saat ayaq üstə gözlətmək hansı vicdana, hansı insanlığa sığır? Tibbi xidmət alan vətəndaş hörmət və qayğı görməlidir, əlavə stress və təhqir yox. Bu hadisənin obyektiv araşdırılmasını və məsul şəxslərin davranışına hüquqi və etik qiymət verilməsini tələb edirəm.”

Məsələ ilə bağlı “Yeni Klinika”nın Mətbuat katibi Nərmin Kazımova saytımıza verdiyi açıqlamada müayinələrdə gecikmələr olduğunu bildirib:

“Yeni Klinikada endoskopik müayinələrin icrası gündəlik tibbi prioritetlərə uyğun şəkildə həyata keçirilir. 18.02.2026 tarixdə Endoskopiya şöbəsinə təcili müdaxiləyə ehtiyacı olan xəstələrin müraciəti qeydə alındığından, planlı müayinələrin icrasında müəyyən gecikmələr yaranıb.

Beynəlxalq klinik protokollara, habelə tibbi etika qaydalarına əsasən, həyati risk daşıyan və ya təxirəsalınmaz vəziyyətdə olan pasiyentlər prioritet qaydada qəbul edilir. Endoskopiya prosedurunun sedasiya (narkoz) ilə aparıldığı hallarda isə həkim-anestezioloqun iştirakı zəruridir. Qeyd olunan gecikmə məhz tibbi zərurətdən irəli gəlib və hər hansı şəxsi münasibətlə bağlı olmayıb.

Həkim-mütəxəssisin davranışı ilə bağlı səsləndirilən məqam araşdırılıb. Daxili qiymətləndirmənin nəticəsinə əsasən, tibbi personal tərəfindən pasiyentə qarşı kobud və ya etik çərçivədən kənar davranış faktı təsdiqini tapmayıb. Klinikamızda bütün pasiyentlərə bərabər, şəffaf və tibbi göstərişlərə əsaslanan xidmət təqdim olunur.”

Qeyd edək ki, şikayətçi saytımıza açıqlamasında “Yeni Klinika” barəsində hüquqi prosedurlara başladığını, məsələni məhkəmə yolu ilə həll edəcəyini bildirib.


Geri qayıt