Əsas Səhifə > Manşet / Güney Press > Saleh Məmmədovun komandası yoxlanılır: Həbslər gözlənilir
Saleh Məmmədovun komandası yoxlanılır: Həbslər gözlənilir16-02-2026, 16:09 |
|
Hökumət dairələrində son günlər intensiv müzakirə olunan əsas mövzulardan biri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədov ətrafında baş verən proseslərdir. Məlumatlara görə, onun fəaliyyəti ilə bağlı genişmiqyaslı araşdırmalar aparılır və artıq cinayət işinin açılması məsələsi gündəmdədir. Rəsmi qurumlardan hələlik açıq bəyanat verilməsə də, hökumətdəki mənbələr ciddi yoxlamaların getdiyini təsdiqləyirlər. İddialara əsasən, yoxlamalar zamanı iri həcmli yeyinti faktları aşkarlanıb. Söhbət təkcə bir və ya iki layihədən getmir. Rayonlar üzrə yol tikintisinə rəhbərlik edən şəxslərin fəaliyyəti də ayrıca araşdırılır. Mərkəzi Aparatla yanaşı, yerli strukturların da təftişə cəlb edilməsi prosesin hansı miqyasda olduğunu göstərir. Verilən məlumatlarda o da bildirilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi daxilində bir neçə yüksək vəzifəli şəxs artıq istintaqa cəlb olunub. Hətta keçmiş sədrin sabiq müavinlərinin də prosesə daxil edildiyi iddia olunur. Bu isə məsuliyyətin komanda xarakterli ola biləcəyini göstərir. Bildirilir ki, bəzi hallarda hətta artıq üzləşmələr də keçirilib. Üzləşmələr zamanı ziddiyyətli ifadələrin ortaya çıxdığı qeyd olunur. Bu isə araşdırmaların daha da dərinləşdirilməsinə səbəb olub. Digər maraqlı məqam media sahəsi ilə bağlıdır. İddialara görə, media ilə əməkdaşlıq və informasiya dəstəyi adı altında ciddi vəsaitlər ayrılıb. Rəsmi sənədlərdə bu vəsaitlərin ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə yönəldiyi göstərilib. Lakin həmin vəsaitlərin təyinatı üzrə xərclənmədiyini iddia edilir. Kənd yollarına ayrılan vəsaitlərlə mövcud vəziyyət arasındakı ziddiyyət isə sosial narazılıq doğuran əsas məqamlardandır. Bir çox bölgələrdə yolların qısa müddət sonra yararsız hala düşməsi suallar yaradır. Əgər milyonlarla manat vəsait xərclənibsə, nəticə niyə uzunömürlü olmur? Hazırda əsas diqqət istintaqın nəticəsinə yönəlib. Cəmiyyət konkret faktların və rəsmi açıqlamaların ortaya qoyulmasını gözləyir. Əgər cinayət işi rəsmiləşərsə, bu, son illərin ən səs-küylü korrupsiya proseslərindən biri ola bilər. Dövlət strukturlarında aparılan islahatlar fonunda belə araşdırmaların sistemli xarakter alması diqqət çəkir. Bu, eyni zamanda, digər qurumlar üçün də siqnal kimi qiymətləndirilə bilər. İddiaların nə dərəcədə təsdiqini tapacağı istintaqın yekun qərarından asılıdır. Lakin artıq bir məsələ aydındır ki, proses genişmiqyaslıdır və bir neçə istiqaməti əhatə edir. Həm maliyyə sənədləri, həm texniki göstəricilər, həm də kadr qərarları araşdırılır. Prosesin necə tamamlanacağı yaxın zamanlarda bəlli olacaq. Modern.az məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxlayıb. Təəssüf ki, Agentliyə göndərdiyimiz yazılı sorğu cavabsız qalıb. Geri qayıt |