Əsas Səhifə > Manşet / Siyasət > BU NƏDİ BELƏ: Həkim əvəzinə mamaça...
BU NƏDİ BELƏ: Həkim əvəzinə mamaça...10-02-2026, 07:47 |
|
Bu günlərdə redaksiyamıza gənc bir qadın müraciət edərək uşaq ölümü ilə bağlı şikayət etdi. Şikayətçi Abıyeva Fidan Asif qızı Bakı sakinidir. O bildirir ki, hamiləlik dövründə - 19 dekabr 2025-ci il tarixində evdə olduğu vaxt ağrıları başlayıb.
Ağrılar kəskinləşərkən təcili tibbi yardım çağırıb. Gələn tibb briqadası onu Sabunçu rayonunda yerləşən doğum şöbəsinə aparıb. Ora çatdırıldıqdan sonra xəstə vəziyyətinə uyğun tələb olunan münasibəti, rəftarı görməyib.
Vəziyyətinin ağır olmasına baxmayaraq ona lazımi diqqət göstərilməyib. Xəstəxana heyəti xəstəyə tibbi nəzarət etməyib.
Həkim və digər tibbi personal tərəfindən vaxtında tibbi müdaxilə edilməyib. Zəruri tibbi tədbirlər görülməyib. Sonradan məlum olub ki, doğuşu qəbul edən Mədinə adlı əməkdaş heç həkim deyilmiş, mamaça imiş.
Əməliyyat otağında nə ginekoloq olub, nə də uşaq həkimi. Yalnız tibb bacıları, mamaça və xadimələr olublar.
Onların çoxu da xəstədən "şirinlik" və ya "zəhməthaqqı" qopartmaq üçün orada yığışıb arxası üstə canı ilə əlləşən pasiyentə qiymət oxuyurlar. Hətta körpəsi ölən anadan da "muştuluq" istəyəcək dərəcədə arsız adamlar peyda olub.
Fidan Abıyeva başına gəlmiş faciədə - övladının doğuş zamanı vəfat etməsində birbaşa Sabunçu Rayon Xəstəxanasının doğum şöbəsini günahkar bilir.
Onun iddiasına əsasən məhz onların vaxtında müdaxilə etməmələri, işlərinə laqeyd yanaşmaları nəticəsində körpəsini itirib. Mənəvi və cismani zədələr alıb.
Fidan Abıyeva bununla bağlı artıq prokurorluğa şikayət ərizəsi yazaraq məsələnin tam, hərtərəfli, obyektiv araşdırıb zəruri ölçü götürülməsini tələb edib. Hazırda iş Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğunun icraatındadır.
Mən bu məsələ ilə bağlı Sabunçu Rayon Xəstəxanasına gedib baş həkimin müavini Sevinc Həsənzadə ilə görüşdüm. O bildirdi ki, hadisədə heç bir günahları yoxdur. Konkret olaraq bu fakt erkən doğuş nəticəsində baş verib.
Xəstəxanadakı kamera qeydlərinə baxmağın mümkün olub-olmadığını soruşduqda isə Sevinc doktor bir qədər özünü sığortalayaraq kameraların işləməsinə, oradakı təsvirlərin yazılıb-yazılmadığına, qalıb-qalmadığına məsuliyyət daşımadıqlarını bildirdi.
Bu münasibət şəxsən məni heç də təəccübləndirmədi. Çünki bu xəstəxana ilə bağlı mənim də pis təəssüratım var. İki il əvvəl Sabunçu Rayon Xəstəxanasında yaxın qohumum müalicə alırdı. Əgər buna müalicə demək olardısa. Tibbi heyət xəstəyə qulluqda adi prosedurları yerinə yetirmirdilər. Nəticədə "müalicə"nin fəsadından doğma adamımı itirdim.
Referans Media olaraq bildiririk ki, vətəndaş Abıyeva Fidan Asif qızının başına gələnlər tam araşdırılıb aydınlaşana, günahkar olanlar müəyyənləşdirilib barələrində qanuni ölçü götürülənə kimi bu məsələni diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də əks etdirməyə hazırıq.
Geri qayıt |