Əsas Səhifə > Manşet / Siyasət > "Bu, inkişaf deyil... tənəzzül riskidir..."
"Bu, inkişaf deyil... tənəzzül riskidir..."18-01-2026, 06:34 |
|
Siyəzən rayon sakini Siyəzənneft NQÇİ-nin
işçisi Əliyev Zamiq Qüdrət oğlu Milli Məclisin sədri Sahibə Qafarovaya və Siyəzən-Quba-Xızı seçki dairəsinin deputatı Müşviq Məmmədliyə müraciət ünvanlayıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Mən şəhid ailəsinin üzvü həm öz adımdan həm də Siyəzənneft NQÇİ -də bir zamanlar əməyi zəhməti əziyyəti olan ruhları NQÇİ -ərazisində bəlkə indi də dolanıb narahat olan bu idarənin şəhid neftçi işçiləri adından müraciət edirəm
Siyəzənneft NQÇİ-nin strateji inkişafı və idarəetmənin qorunması fonunda Azərbaycan Respublikasının neft sənayesinin inkişafında mühüm tarixi və strateji rola malik olan “Siyəzənneft” NQÇİ nin mövcud vəziyyəti və qaranlıq gələcəyi ilə bağlı dərin narahatlığımı və vətəndaş mövqeyimi Sizə çatdırmağı özümə borc bilirəm.
Siyəzənneft NQÇİ uzun illər ərzində ölkənin enerji təhlükəsizliyinə, regionun sosial-iqtisadi inkişafına və minlərlə ailənin rifahına xidmət etmiş bir istehsalat strukturudur. Bu idarənin potensialı yalnız bir əsrə yaxın tarixi keçmişində deyil, həm də bu gün və gələcək üçün daşıdığı real imkanlardadır.
Qeyd edim ki, hazırda mövcud yataqlarda hasilatın artırılması, istismar quyularında əməliyyatların aparılması yeni texnoloji yanaşmaların tətbiqi və istehsal intizamının gücləndirilməsi yolu ilə “Siyəzənneft” NQÇİ-nin inkişaf etdirilməsi tam mümkündür. Bunun üçün əsas şərt idarənin müstəqil istehsalat vahidi kimi saxlanılması (heç bir NQÇİ-nin tərkibinə daxil edilməməsi ) və məqsədyönlü şəkildə gücləndirilməsidir.
Bu baxımdan, “Siyəzənneft” NQÇİ-nin “Əmirovneft” strukturu ilə birləşdirilməsi ehtimalı istehsalatın səmərəliliyinə, idarəetmənin çevikliyinə ciddi risklər yarada bilər. Belə bir birləşmə real istehsal problemlərinin dərinləşməsinə, məsuliyyətin yayılmasına və nəticə etibarilə hasilatın azalmasına səbəb ola bilər. Bu hal bir əsrə yaxın tarixi olan Siyəzənneft NQÇİ -nin imicinə zərbə vurmaq,tarixini yox saymaq,bu strikturda zəhməti olan dünyasını dəyişmiş işçilərin ruhuna hörmətsizlik etmək, ümumilikdə sənaye rayonu olan Siyəzənin də imicinə zərbə vurmaqdır. Çünkü bura Siyəzən rayonudur, Əmirov rayonu deyil... Bu bölgədə yerləşən NQÇİ -də bu rayonun adı ilə adlanmalıdır birzdən ən azı 100 kilometr aralıda olan "Əmirovnef"in adı ilə deyil.
Siyəzənneft” NQÇİ-nin “Əmirovneft” strukturu ilə birləşdirilməsi ehtimalı hər kəs tərəfindən haqlı narahatlığa səbəb olub . Bu cür addımlar yerli istehsal xüsusiyyətlərinin itirilməsinə, məsuliyyətin parçalanmasına səbəb ola bilər. Bir sözlə, bu, inkişaf deyil tənəzzül riskidir. Üstəlik bu tənəzzül planı sanki bilərkədən dövlətin imicinə xələl yetilməsi üçün həyata keçirilir
Ən mühüm məsələlərdən biri də idarənin rəhbər vəzifələrinə və əsas istehsalat sahələrinə səriştəli, peşəkar, neft sənayesinin problemlərini dərindən bilən, milli maraqlara sadiq kadrların təyin edilməsidir. Kadr məsələsi yalnız idarəetmə deyil məncə eyni zamanda dövlətçilik və strateji təhlükəsizlik məsələsidir. Səriştəsiz idarəetmə ən zəngin yataqları belə tənəzzülə sürükləyə bilər ki biz bunu onsuzda görürük.
Bu müraciətim təkcə bir idarənin taleyi ilə bağlı deyil. Bu, dövlət əmlakının qorunması, milli sərvətimizin səmərəli istifadəsi, bölgədə sosial sabitliyin saxlanılması və Azərbaycan neftçisinin əməyinə verilən dəyər məsələsidir. İnanıram ki, Milli Məclis səviyyəsində bu məsələyə diqqət yetirilməsi, aidiyyəti qurumlar qarşısında məsələ qaldırılması və obyektiv mövqenin formalaşdırılması “Siyəzənneft” NQÇİ-nin gələcək inkişafına mühüm töhfə verəcəkdir.
Sizdən xahiş edirəm ki, “Siyəzənneft” NQÇİ-nin müstəqil istehsalat idarəsi kimi saxlanılmasına Əmirovneft deyil öz adı ilə fəaliyyət göstərməsinə, hasilatın artırılmasına yönəlmiş real tədbirlərin həyata keçrilməsi üçün hasilat şöbəsi rəhbərinə ciddi göstəriş verilməsinə, quyularda əməliyyatların genişləndirilməsinə və ən əsası da idarəyə peşəkar, təcrübəli kadrların təyin olunması məsələlərinin diqqətdə saxlanılmasına köməklik göstərəsiniz. Məqsədim ölkəmizin milli maraqlarına və neft sənayesinin davamlı inkişafına xidmət etməkdir..."
Geri qayıt |