Əsas Səhifə > Manşet / Cəmiyyət > "Hər ay 3–4 dəfə suyumuz kəsilir..."

"Hər ay 3–4 dəfə suyumuz kəsilir..."


Bu gün, 11:14

Naxçıvan şəhərindəki 52-ci məhəlləyə içməli suyun verilməsi bir neçə gündür dayandırılıb. Məhəllə sakinlərinin “Gündəlik Naxçıvan”a bildirdiyinə görə, problemlə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, nəticə olmayıb.
Sakinlər deyirlər ki, bu, ilk hal deyil və sentyabr ayından bəri suyun kəsilməsi intensiv xarakter alıb:
“Hər ay 3–4 dəfə suyumuz kəsilir və hər dəfə də bir neçə gün davam edir. Demək olar ki, ayın yarıdan çoxunu susuz qalırıq. Bu məhəllədə 20-yə yaxın ailə yaşayır. Neçə dəfə Naxçıvan şəhər Su İdarəsinin qaynar xəttinə zəng etmişik, sakinlər yığışıb icra hakimiyyətinə getmişik, amma bizi dinləyən olmayıb. Heç kəs suyun hansı səbəbdən kəsildiyini də izah etmir.
İndi artıq üç gündür ki, suyumuz yenə kəsilib. Zəng edirik, telefonlara da cavab vermirlər. Bayram günləridir, bu günlərdə hər kəsin suya daha çox ehtiyacı var. Susuz bu günləri necə keçirmək olar? Xahiş edirik, problemimiz köklü şəkildə həll olunsun.”
Naxçıvan şəhər İcra Hakimiyyətindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Geri qayıt