Əsas Səhifə > Manşet / Gündəm > Naxçıvanda pulu kəsilən mədəniyyət işçilərinə qarşı YENİ OYUNBAZLIQ
Naxçıvanda pulu kəsilən mədəniyyət işçilərinə qarşı YENİ OYUNBAZLIQ27-12-2025, 06:44 |
|
Necə gündür ki, Naxçıvanda minlərlə mədəniyyət işçisinin hər birinin maaşının 100-200 manat azaldıldığı və bu faktın da böyük narazılığa səbəb olduğunu xəbər veririk. Qeyd edək ki, bu barədə “DİA-AZ”a bir qrup əməkdaş məlumat verib. Əməkdaşlar deyirlər ki, bundan əlavə, nazirlik onların məzuniyyət pullarını da mənimsəyib. Noyabrın sonlarında rayon və şəhər mədəniyyət idarələri ləğv olunub, onlar yeni yaradılmış regonal mədəniyyət idarələrinə birləşdiriliblər. Narazı əməkdaşlar “büdcə kəsiri” bəhanəsinə inanmadıqlarını, maaşlarının birbaşa nazir tərəfindən mənimsənildiyini iddia edirlər. Onu da qeyd edək ki, artıq bu məsələyə Naxçıvan Mədəniyyət Nazirliyi öz münasibətini bildirib. Qurumdan yerli KİV-ə bildirilib ki, noyabrın 4-ü nazirliyin strukturunda dəyişiklik olunub və müvafiq regional idarələr yaradılıb. “İşçilər regionallaşma ilə bağlı (VÖEN və yeni hesab nömrələrinə görə) öz ərizələri əsasında işdən azad olunub və yenidən təyin olunublar. Bu zaman qanunvericiliyə uyğun olaraq onlara kompensasiya ödənilib. Qeyd olunanlar əsassız şayiələrdir. Mədəniyyət sistemində çalışan əməkdaşların əməkhaqqıları qanunauyğun qaydada hesablanıb və vaxtında əməkhaqqı kartlarına köçürülüb. Nazirliyin bütün əməkdaşlarının əmək müqavilələrində əməkhaqqının ödəniş tarixi hər ayın sonuncu iş günü qeyd olunub. Digər məsələ ilə bağlı bildiririk ki, nazirliyin sistemində 4000-ə yaxın əməkdaş çalışır ki, onlardan 1000 nəfərdən çoxunu müəllimlər təşkil edir. Necə ola bilər ki, əməkhaqqılarda azalmalar olsun. Nazirliyin sistemində elə müəssisələr də var ki, struktur dəyişikliyi onlara şamil olunmayıb. Digər sahələrdə çalışan işçilər isə müvafiq vəzifələrə keçiriliblər. Qeyd olunanlar həqiqəti əks etdirmir. Hətta bir çox işçilərin əməkhaqqılarında artımlar da var. Nəzərə alınmalıdır ki, struktur dəyişikliyi zamanı bir çox müəssisələr ləğv olunur. Bu zaman işçilər azad olunmalı idilər, lakin Nazirlikdə aparılan struktur dəyişikliyi zamanı yeni iş yerləri də açılıb və bütün işçilərə öz yaşadıqları ünvana yaxın ərazilərdə müvafiq vəzifə təklifləri verilib və yerləşdiriliblər” deyə, məlumatda qeyd edilib. Amma bütün bunlar maləsəf ki, AĞ YALANDIR. Bunu isə "DİA-AZ"a narazı işçilər - bayram ərəfəsi süfrələri boş qalan sıravi mədəniyyət işçiləri deyir. Onların "DİA-AZ"a yolladığı növbəti müraciəti təqdim edirik: "Bildiririj ki, Mədəniyyət Nazirliyində aparılmış struktur dəyişikliyi zamanı xüsusilə Babək, Şahbuz və Şəhər mədəniyyət şöbələrinə tabe olan kitabxana filiallarında və mədəniyyət evlərində çalışan işçilərə qarşı ciddi ədalətsizliklərə yol verilmişdir. Struktur dəyişikliyi adı altında məhz bu bölmələrdə çalışan işçilərin əmək haqlarında əsassız və selektiv şəkildə kəsintilər edilmiş, lakin bu prosesdə məsuliyyət daşıyan nomenklatura vəzifəli şəxslər öz üzərlərinə düşən cavabdehliyi gizlətməyə çalışmışlar. Sözügedən vəzifəli şəxslər işçilərə “gələcək aylarda bərpa olunacaq” adı altında reallıqdan uzaq, yalan vədlər verərək onları aldatmaq yolunu tutmuşlar.
Daha da narahatedici hal ondan ibarətdir ki, bu qanunsuz maaş kəsintilərinə etiraz edən və ya şikayət etmək niyyətində olan işçilər işdən azad olunmaqla hədələnmiş, onlara psixoloji təzyiq göstərilmişdir. Bu cür hədələr işçilərin konstitusion hüquqlarının, xüsusilə şikayət və müraciət etmək hüququnun kobud şəkildə pozulması deməkdir.
Qeyd edilən hallar onu deməyə əsas verir ki, struktur dəyişikliyi bəhanə edilərək məsul şəxslərin səhvlərinin və özbaşınalığının yükü sosial cəhətdən zəif olan sıravi işçilərin üzərinə qoyulmuşdur. Bu isə əmək qanunvericiliyinə, ədalət və şəffaflıq prinsiplərinə tamamilə ziddir.
Yuxarıda göstərilənləri nəzərə alaraq, baş verən qanunsuzluqların obyektiv şəkildə araşdırılmasını, maaş kəsintilərinə yol vermiş və işçiləri hədələmiş vəzifəli şəxslər barəsində qanunauyğun tədbirlərin görülməsini, eləcə də işçilərin kəsilmiş əmək haqlarının bərpa olunmasını xahiş edirik".
Göründüyü kimi, vəziyyət heç də nazirliyin iddia etdiyi şəkildə deyil...
Məsələ diqqətimizdədir...
Geri qayıt |