Əsas Səhifə > Manşet / Cəmiyyət > FHN-nin illərdir davam edən ŞÜBHƏLİ SƏDAQƏTİ...

FHN-nin illərdir davam edən ŞÜBHƏLİ SƏDAQƏTİ...


19-12-2025, 11:14

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Maddi Texniki-Təchizat İdarəsi tərəfindən “Mətbəə məhsulları”nın satın alınması ilə bağlı açıqlanan məlumatlar növbəti dəfə bu qurumun satınalma siyasətini diqqət mərkəzinə gətirib. Rəsmi sənədlərə əsasən, 1 764,34 manat məbləğində olan bu satınalma “CBS-PP” MMC ilə birbaşa metodla həyata keçirilib. Müqavilənin başlama tarixi 16.12.2025, bitmə tarixi isə 28.12.2025 olaraq göstərilir, məlumat isə 18.12.2025 tarixində dərc olunub. "DogruXeber.tv" bildirir ki, məbləğin nisbətən kiçik olması bu satınalmanı ictimai maraqdan kənarda saxlamır, əksinə, seçilmiş şirkətin keçmişi və əlaqələri fonunda məsələyə əlavə çalarlar qatır.

Məsələ ondadır ki, “CBS-PP” MMC adı Azərbaycan ictimaiyyətinə yeni deyil. Hələ 2019-cu ildə araşdırmaçı jurnalist Cavanşir Həsənli açıq mənbələrə istinadən yazırdı ki, sözügedən şirkət Fövqəladə Hallar Nazirliyinin keçmiş rəhbəri Kəmaləddin Heydərovla əlaqələndirilir. Media araşdırmalarında qeyd olunurdu ki, şirkətin qanuni təmsilçisi Hikmət İsmayılov nazirin yaxın qohumu – bacanağı kimi tanınır. İllər ərzində bu MMC-nin FHN və ona bağlı qurumların tenderlərində dəfələrlə qalib gəlməsi həmin iddiaları daha da gücləndirib və bu gün də oxşar satınalmaların davam etməsi sual doğuran tendensiya kimi qiymətləndirilir.

Eyni gündə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi ilə bağlı açıqlanan daha iri həcmli satınalma məlumatı isə mənzərəni tamamlayır. Sənədlərə əsasən, Mi-171V tipli helikopterin təmirarası istismar müddətinin artırılması ilə bağlı xidmət Rusiya Federasiyasının “Milli Aviasiya-Xidmət Şirkəti” Səhmdar Cəmiyyəti tərəfindən həyata keçiriləcək. Bu satınalmanın məbləği 396 175,05 manat təşkil edir və prosedur “bir mənbə” metodu ilə aparılıb. Maraqlı məqam ondan ibarətdir ki, işin həm başlama, həm də bitmə tarixi 14.11.2025 kimi göstərilib, məlumat isə yalnız 18.12.2025 tarixində ictimaiyyətə açıqlanıb.

Aviasiya texnikasının istismarı, xüsusilə də xilasetmə və fövqəladə hallarda istifadə olunan helikopterlərin texniki vəziyyəti birbaşa insan həyatı və təhlükəsizliklə bağlıdır. Bu səbəbdən belə xidmətlərin rəqabətsiz, “bir mənbə” üsulu ilə və kifayət qədər yüksək məbləğ qarşılığında həyata keçirilməsi ictimai nəzarət baxımından ciddi suallar yaradır. Üstəlik, işin kağız üzərində cəmi bir gün ərzində tamamlanmış kimi göstərilməsi prosesin real icrası ilə bağlı şübhələri daha da artırır.

Beləliklə, eyni qurumun bir tərəfdən illərdir adı müxtəlif araşdırmalarda hallanan yerli şirkətlə kiçik məbləğli, digər tərəfdən isə xarici şirkətlə yüz minlərlə manatlıq strateji əhəmiyyətli satınalmalar aparması Fövqəladə Hallar Nazirliyində şəffaflıq və hesabatlılıq məsələsini yenidən gündəmə gətirir. "DogruXeber.tv" hesab edir ki, dövlət vəsaiti hesabına həyata keçirilən bu cür satınalmalar yalnız rəqəmlərlə deyil, aydın izahlar və əsaslandırmalarla müşayiət olunmalı, cəmiyyətə kimin, hansı səbəbdən və nə üçün seçildiyi açıq şəkildə təqdim edilməlidir. Yalnız bu halda ictimai etimaddan və dövlət maraqlarının qorunmasından danışmaq mümkündür.


Geri qayıt