Əsas Səhifə > Manşet / Üçüncü sektor / Güney Press > İcra başçısının Şabranla Xaçmaz Məhkəmələri arasındakı “xüsusi ittiham” marafonu bitdi

İcra başçısının Şabranla Xaçmaz Məhkəmələri arasındakı “xüsusi ittiham” marafonu bitdi


18-12-2025, 16:18

Xaçmaz Rayon Məhkəməsi Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında verdiyi şikayətlərə baxmaqdan imtina edib.

Musavat.com xəbər verir ki, məhkəmə icra başçısının şikayətlərini qəbuledilməz hesab edib.

Bundan əvvəl Şabran Rayon Məhkəməsi də Asif Hüseynovun xüsusi ittiham qaydasında verdiyi eyniməzmunlu şikayətləri geri qaytarmışdı. Əsas kimi isə barələrində şikayət verilmiş şəxslərin müraciət etdikləri media resursunun Xaçmaz rayonu ərazisində fəaliyyətdə olması göstərilmişdi. İcra başçısının “qəzəbinə” tuş gələnlər Qarabağlı qəsəbə sakini Məhəmməd Əvəz oğlu Məmmədov, Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovdur.

Asif Hüseynov Muradovların Cinayət Məcəlləsinin 147-ci (böhtan), Məhəmməd Məmmədovun isə 147-ci maddə ilə yanaşı, 148-ci (təhqir) maddəsi üzrə xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb etmişdi. İcra başçısını narazı salan əsas məqam Muradovların mətbuat vasitəsilə ondan aldıqları arpanın pulunu tələb etmələri olub. Şabran rayonunun Uzunboyad kənd sakini Vüsal Muradov mətbuata müraciət edərək Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun onlara olan borcu ödəməməsindən şikayətlənib. Kənd sakini iddia edib ki, anası Səbirə Vəliyeva 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satıb, lakin bu günə qədər pulunu ala bilməyib. Arpa satılarkən icra başçısı şəxsən onların evinə gəldiyi üçün ona inanılıb və alış-verişlə bağlı hər hansı yazılı sənəd tərtib edilməyib. “Yox, sənəd yox idi. Elə-belə inandıq. Dedik ki, bu boyda rayonun başçısıdır. Mən onunla sənəd imzalayım, notariusa aparım, qol çəkdirim? Ayıbdır axı. Dedi, verdim. Mən də inandım ki, bu boyda adam yalan danışmaz”, – Vüsal Muradov BBC Azərbaycancaya bildirib.

Muradov qeyd edib ki, 1995-ci ildən toxumluq arpa əkini ilə məşğul olub və ailəsi bu təsərrüfat hesabına dolanıb: “Üç ildir icra başçısı pulu vermədiyi üçün sahəmizi normal əkib-becərə bilmirik. İşlərin qızğın vaxtıdır, texnika düzəlməlidir, xərclər var. Pulumuzu vermir ki, işimizi görək”.

Kənd sakini bildirib ki, pulunu almaq üçün müvafiq qurumlara müraciət etsə də, nəticə əldə olunmayıb.

Prezident Administrasiyasının əməkdaşı Habil Əzməmmədov 2025-ci il oktyabrın 20-də BBC-yə açıqlamasında icra başçısının vətəndaşı qəbul etməməsi məsələsinə aydınlıq gətiriləcəyini və gün ərzində görüşün təmin ediləcəyini bildirib. Şikayətlə bağlı isə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunub: “Burada arbitr məhkəmədir. Hərə öz sübutunu ortaya qoymalıdır. Məhkəmə araşdırmalı və qərar verməlidir ki, kim etibar və inamdan sui-istifadə edib. 15 ton taxıl bir nəfərin işi deyil, şahidlər də olacaq”, - deyə Habil Əzməmmədov qeyd edib. Oktyabrın 20-də ailə BBC-yə şikayətdən sonra icra başçısının onlarla görüşmək istədiyini bildirib. Lakin bir neçə gün sonra Şabran Rayon Məhkəməsinə Asif Hüseynovun xüsusi ittiham qaydasında şikayəti daxil olub. Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, cavabdehlərin müraciət etdikləri media resursu Xaçmaz rayonu ərazisində yerləşir. Bu əsasla işə Şabran Rayon Məhkəməsində baxılmasının mümkün olmadığı qərara alınıb. Asif Hüseynov bundan sonra Xaçmaz Rayon Məhkəməsinə müraciət etsə də, bu instansiya da şikayəti qəbuledilməz hesab edib. İcra başçısının Qarabağlı qəsəbə sakini Məhəmməd Məmmədova qarşı iddialarının səbəbi də vətəndaşın mətbuata verdiyi açıqlamalar olub. Məmmədov iddia edib ki, icra başçısı 2021-ci ildən Qarabağlı kəndi yaxınlığındakı 120 hektar örüş sahəsini zəbt edib. Nəticədə kəndlilər mal-heyvanlarını örüşə çıxara bilmirlər və məcbur qalıb kəndi tərk edirlər. Ərazidə dövlət hesabına qazılmış artezian quyularından da istifadə imkanları məhdudlaşıb. Bu açıqlamalardan sonra icra başçısı vətəndaşı böhtan və təhqirdə ittiham edərək onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. İki məhkəmədən əliboş qayıdan icra başçısının üç vətəndaşa qarşı bundan sonra hansı addımları atacağı isə hələlik məlum deyil.


Geri qayıt