Əsas Səhifə > Manşet / Cəmiyyət > "Bizimlə insan kimi yox, qul kimi davranırlar..."
"Bizimlə insan kimi yox, qul kimi davranırlar..."16-12-2025, 10:59 |
|
Naxçıvandakı elektrik işçiləri təhqir və alçaldıcı davranışla üzləşdiklərindən, ikiqat işlədildiklərindən, maaşlarının kəsildiyindən şikayət edirlər.
Onların sözlərinə görə, bu hal idarələrinin “Azərişıq”ın tabeliyinə keçməsindən sonra meydana gəlib.
Şikayətçilər deyirlər ki, Bakıdan təyin olunan rəhbərlik, işçilərin yarısını ixtisara salıb. Rəhbər şəxslər isə, çıxarılanların yerinə saxta adlar yazaraq, maaşları mənimsəyirlər.
Şikayətçilər deyirlər ki, real işçi çatışmadığından əvvəllər 4 nəfərin nəzarət etdiyi ərazilərə hazırda 2 nəfər baxır:
“Bizi ikiqat işlədib, ixtisara saldıqları işçilərin maaşlarını müxtəlif yollarla ciblərinə qoyurlar. Bu işlərin başında duran Emin Əkbərli və Nemət Qasımlıdır. Onlarla adam ixtisar edilib, onların işini indi biz görürük. Əvvəllər 4 nəfərin baxdığı sahəyə indi 2 nəfər cavabdehdir. İş yükü ikiqat artıb, amma maaşlar azaldılıb, bayram pullarımız da kəsilib.
Bizimlə insan kimi yox, qul kimi davranırlar. Sözümüzü deməyə imkan vermirlər, açıq-aşkar təhqir edirlər. İş vaxtı bitəndən sonra da zorla saxlayırlar, “qalmasan, ərizəni yaz” deyə hədələyirlər. Qalmışıq çarəsiz. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Bizim əmək hüquqlarımız kobud şəkildə tapdalanır.”
İşçilər aidiyyətı qurumlardan problemə müdaxilə etməyi, pozulmuş əmək hüquqlarının bərpasını tələb edirlər.
Naxçıvanda elektrik enerjisi təchizatı bu ilin əvvəlindən “Azərişıq” ASC-yə həvalə olunub.
"Gündəlik Naxçıvan"
Geri qayıt |