Əsas Səhifə > Manşet / Sosial > BU NƏDİ BELƏ: Kənd Təsərrüfatı Nazirliyində süni intellektə QADAĞA...
BU NƏDİ BELƏ: Kənd Təsərrüfatı Nazirliyində süni intellektə QADAĞA...Bu gün, 09:45 |
|
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində (KTN) süni intellekt (AI) platformalarından istifadə daxili əmr əsasında qadağan edilib. Yenicag.az-a daxil olan məlumata görə, aparat rəhbəri Azad Cəfərli tərəfindən imzalanan daxili əmrlə nazirliyin və bütün tabeli qurumların kompüterlərindən süni intellekt əsaslı servislərə çıxış texniki olaraq bloklanıb. Sənəddə bu addım “informasiya təhlükəsizliyi” və “məxfi məlumatların qorunması” ilə əsaslandırılıb. Hətta nazirliyin internetinə qoşulan mobil telefonlarda da süni intellekt istifadəsi məhdudlaşdırılıb. Açığı, digər daha strateji nazirlik və qurumlarda belə qərarın olmaması, ən başlıcası Prezident İlham Əliyevin beynəlxalq səhnədə tam əks istiqamətdə danışması fonunda bu qərara necə gəldikləri sual doğurur. Çünki Prezident çıxışlarında süni intellekti “ölkələrin gələcək inkişafının ayrılmaz hissəsi” adlandırır, Azərbaycanın da bu yarışda geridə qalmamalı olduğunu vurğulayır. Yəni yuxarıdan verilən siyasi mesaj aydındır: süni intellektə açılmaq, ona sərmayə yatırmaq, idarəetməyə və iqtisadiyyata inteqrasiya etmək lazımdır. Bir tərəfdə Prezident ABŞ-dakı görüşləri başda olmaqla beynəlxalq tədbirlərdə süni intellekt barədə danışır, “gələcək budur” deyir, digər tərəfdə isə Prezident Administrasiyasından bir neçə kilometr aralıda yerləşən bir nazirlik öz kiçik bürokratik dünyasında həmin gələcəyə “gəlmə” deyib qapı bağlayır. Bu, təkcə texniki qərar deyil, siyasi xəttə açıq-aşkar daban-dabana zidd olan davranışdır. Sanki ölkə iki paralel reallıqda yaşayır: Bir reallıqda Azərbaycan innovasiya ölkəsidir, süni intellekt strategiyası, rəqəmsal dönüş, ağıllı kəndlər, ağıllı şəhərlər, “high-tech nation” obrazı var. O biri reallıqda isə əməkdaşa deyilir: “Nə olar, nə olmaz, sən yenə ChatGPT açma”. Elə bil süni intellekt kompüterə virus salacaq, amma köhnəlmiş idarəetmə üslubu, kağızda qalan islahatlar heç bir təhlükə törətmir. Ən ironik məqam odur ki, süni intellektdən ən çox fayda görə biləcək sahələrdən biri məhz kənd təsərrüfatıdır: məhsuldarlığın proqnozu, əkin sahələrinin optimallaşdırılması, suvarma sistemlərinin planlanması, xəstəliklərin diaqnostikası – hamısı AI ilə daha dəqiq və daha ucuz başa gələ bilər. Amma biz nə edirik? Gələcəyin alətini kənddən uzaqlaşdırıb, kağız arxivlərinin arasında “təhlükəsizlik” axtarırıq. Əgər Prezident səviyyəsində açıq şəkildə “süni intellekt bizim gələcəyimizdir” deyilibsə, hansı məntiq, hansı cəsarət, yaxud hansı qorxu ilə bir nazirlik bu gələcəyin qarşısına qadağa şlaqbaumu qoyur? Bu, sadəcə texniki ehtiyatlılıq yox, siyasi kursa qarşı səssiz müqavimət təsiri bağışlamırmı? Nəticə etibarilə ortaya belə bir mənzərə çıxır: Prezident süni intellekti ölkənin strateji gələcəyi kimi təqdim edir, Kənd Təsərrüfatı Nazirliyi isə həmin gələcəyi öz işçilərinin monitorundan silir. Yəqin ki, Nazirlik bu ziddiyyətə aydınlıq gətirəcək… Geri qayıt |