Əsas Səhifə > Manşet / Güney Press > “Nizami” stansiyasının ətrafında VAHİMƏ: ZÜLFƏLİ GƏLİR...

“Nizami” stansiyasının ətrafında VAHİMƏ: ZÜLFƏLİ GƏLİR...


Bu gün, 10:19

Metronun “Nizami” stansiyasının ətrafında da yaxın vaxtlarda söküntü prosesi başlayacaq. Həmin ərazidə yaşayan sakinlərə bu barədə məlumat verilib. Artıq indidən sakinlərin narazılığı başlayıb.

Bizimyol.info xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iyul ayında “Təzə Pir” ətrafındakı söküntünün əhatə dairəsinin genişləndirilməsi barədə yeni sərəncam imzalayıb. Bu sərəncamda Azərbaycan Dövlət Akademik Dram Teatrından “Nizami” metrostansiyasınadək olan ərazinin də sökülməsi nəzərdə tutulub. Söhbət Süleyman Rəhimov, Abdulla Şaiq, Əlibəy Hüseynzadə, Balababa Məcidov, Nabat Aşurbəyova küçələrinin əhatə dairəsində yerləşən ərazinin söküntüsündən gedir. Başqa sözlə, “Nizami” metrostansiyasından Nərimanov prospektinə qədər olan ərazidəki bir və ikimərtəbəli evlər söküləcək.

Orada yaşayanları narazı salan əsas məqam təklif olunan kompensasiyanın məbləği ilə bağlıdır. Sevil Cəfərova deyir ki, “Bayırşəhər”in sakinləri kimi, onlara da hər kvadrat metrə görə 2700 manatdan pul təklif olunur. İndiki mənzil bazarında bu məbləği həddindən artıq az hesab edirlər.

“Metro ayağımızın altındadır, necə deyərlər, şəhərin göbəyidir. Fəvvarələr meydanına, bulvara piyada gedib-gəlirik. Bu ərazilərdə o qiymətə təmirli demirəm, təmirsiz ev tapmaq olarmı? Bəzən bizi qınayırlar ki, “siçan yuvasında” yaşayırlar, o qiymətə razılaşmırlar. Birincisi, bütün evlər “siçan yuvası” deyil. İkincisi, evin özü qədər onun yeri də vacibdir. Guya 5 mərtəbəli binalardakı “xruşşovka”, “fransız” layihəli evlər nə boydadır? Amma baxın, görün qiyməti necədir”.

Gülnarə Məmmədova bildirir ki, plana düşən ərazidə Üzeyir Hacıbəyovun ev muzeyi və bir sıra başqa vacib binalar yerləşir. Söküntü zamanı bu məqam nəzərə alınmalıdır: “Tarixi-memarlıq abidələrinə toxunmaq olmaz. Bu da çox vacibdir. Təklif olunan məbləğə gəlincə, nəinki 2700, hətta 3500-4000 də istəmirəm. Mənə bu ərazilərdə ev verilsin. Mənim nənə-babam, valideynlərim burada yaşayıb. Dədə-baba yurdumuzdur. 60 yaşım var, bundan sonra gedib hara öyrəşə bilərəm. Deyirlər ki, burada ev tikilməyəcək, şəhəri abadlaşdırmaq məqsədilə sökülür. Lap yaxşı, biz də əleyhinə deyilik. Amma bu, bizim mülkiyyət hüququmuzun pozulması, hisslərimin tapdanması hesabına olmamalıdır”.

Amma köçməyə razılaşanlar da var. Vüqar Əhmədov deyir ki, uzun müddətdir evlərinin plana düşməsini gözləyirdilər: “Çünki şəraitsizlikdir. Nə qədər təmir eləsən də, xeyri olmur”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, tarixi irsin qorunması ilə yanaşı, mənzil fondu və infrastrukturun yenilənməsi, yaşıllıq sahələrinin artırılması, ekoloji dayanıqlılığın təmin edilməsi Bakının baş planında əsas inkişaf hədəflərindəndir. Bu məqsədlə də bir müddət əvvəl istifadəyə verilmiş 36 hektarlıq Mərkəzi Parkın ərazisinin daha da genişləndirilməsi nəzərdə tutulub.


Geri qayıt