Əsas Səhifə > Manşet / Gündəm > Peşə Təhsili üzrə Dövlət Agentliyi: Yenə də yarıtmazlıq...
Peşə Təhsili üzrə Dövlət Agentliyi: Yenə də yarıtmazlıq...Bu gün, 06:21 |
|
30 ilə yaxındır ki, Azərbaycanda təhsil problemləri müzakirə olunur, müxtəlif pilot layihələr tətbiq edilir və əsasən sistemin şəffavlaşdırılması, müsirləşməsi, dünya standartlarına uyğunlaşdırılması üçün cəhdlər edilir. Əlbəttə, bu o qədər də asan proses deyil və illərdir qalaqlanmış, verilmiş səhv qərarları, korrupsiyalaşmış direktorları qısa müddətdə təmizləmək, düzəltmək mümkünsüzdür. Bu əsnada ölkənin Peşə Təhsili sistemi də yenidən qurulur, sovetlərdən qalan və müstəqillik dövrünün ilk illərindən baxımsızlıqdan bərbad hala düşən peşə təhsili müəssisələri yenidən qurulur və bərpa edilir. Yəni, heç nə əvvəlki kimi deyil və insaf naminə demək lazımdır ki, ölkənin peşə təhsili sistemində nəzərəçarpacaq dəyişikliklər var. Lakin bu peşə təhsilinə olan fərqli maraqlar, idarəetmə zamanı yaranan “iştah sindromu” bitmir və təmirli, avadanlıqlı binalarda fərqli mənzərələrin şahidi oluruq. Bu gün peşə təhsili müəssisələrində çalışan müəllim heyəti istər əmək haqqının azlığından, istər rəhbərliyin səriştəsiz, bezdirici qərarlarından və ən əsası yaradılan imkanları yalnız öz əlində cəmləşdirməsindən narazılıq edir. Həqiqətən də, ölkənin peşə təhsili sistemində böyük bir boşluq, sistemsizlik və nəzarətsizlik hökm sürür. Bu vəziyyətin əksər müəssisələrdə baş verməsi göstərir ki, idarəedicilər ya bacarıqsızdır, ya da idarə olunurlar. Peşə təhsili müəssisələrinin rəhbərləri və müavinlərinin əksəriyyəti ay ərzində böyük əmək haqqı alır, üstəlik adlarına dərs saatları yazır və bütün bunlar azmış kimi, başqa-başqa yollara əl atır, müqaviləli işçiləri işə qəbul edərkən də qazanmamış deyillər. Əlbəttə, bu faktları bu gün onlara sübut etmək hələlik çətindir, sübutlar zamanı belə zatən söz tapırlar. Amma faktlar göz deşir, saysızdır və böyük araşdırma da tələb etmir. Peşə təhsili müəssisələri rəhbərlərinin kimliyini, bu yola haradan başladıqlarını və sonda necə direktor olduqlarını bu sahəni dərindən bilənlər yaxşı tanıyır. Bilinənlər bəllidir, bilinməyənləri də öyrənmək bir o qədər asandır. Təhsil nazirinin müavinindən tutmuş, Təhsil İnstitutunun, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin nüfuzlu şəxslərinin adamlarına, sabiq nazir Misir Mərdanovun komandasının üzvlərinə kimi burada direktor postlarındadırlar. Bəli, bir daha deyirəm: bu sahəni bilən adamlar o direktorların kimliyini və haradan gəldiklərini yaxşı bilir. Olsun, bununla bir işimiz yoxdur, amma o olmasın ki, bu şəxslərin əsas məqsədi peşə təhsilinin inkişafı, gələcəyi, müəllimlərin haqqının qorunması, tələbələrin inkişafına yönəlsin. Təsəvvür edin, 2 aydır dərs ili başlayıb, amma bu gün əksər peşə məktəblərində tələbə təqaüdləri verilməyib. Müəllimlər əmək haqlarını ən azı 10 gün gec alırlar və bu məsələ heç bir direktoru düşündürmür, narahat etmir. Hər halda bu günə kimi bir direktorun çıxıb tələbələrin təqaüdlərinin, müəllimlərin əmək haqqının gecikməsini dilinə gətirdiyi olmayıb. Əksinə, səsini çıxaran tələbəyə, müəllimə elə bir divan tutulur ki, gəl görəsən. Səsini çıxaran tələbə, müəllim dışlanır, qınanır və məktəbdən atılma təhlükəsi ilə üzləşir... Hə, burada yenidən qayıdırıq başa - yəni əsas səbəbkara: Peşə Təhsili üzrə Dövlət Agentliyinə və onun idarəedici şəxslərinə. Bildiyimiz kimi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin bəxti yaranandan gətirməyib. Agentliyin ilk direktoru Famil Mustafayev olub. 1 il sonra cənab Mustafayev bu vəzifədən uzaqlaşdırılıb. O zaman onun barəsində ciddi faktlar yazılsa da, araşdırılmadı və beləcə daha yüksək posta üz tutdu. Daha sonra bu posta Pərviz Yusifov təyin edildi və cəmi 1 il işlədi. 2021-ci ildə cənab Emin Əmrullayev Pərviz Yusifovu bu postdan uzaqlaşdırdı və yerinə Valeh Mirzalıyev adlı şəxs təyin edildi. Bir neçə ay sonra Mirzalıyev də çıxarıldı. O zaman Mirzalıyevin müavini bu gün məşhur olan məlum Ceyhun Kərəmov idi. Bundan sonra proseslər bir qədər yavaşladı. Emin Əmrullayev artıq ya utandığından, ya da hansısa səbəblərdən bu posta iki il direktor təyin etmədi. Bu post Valeh Mirzalıyevin müavini olan Ceyhun Kərəmova həvalə olundu. İki il sonra, düz 2023-cü ilin oktyabr ayında yenə nazir Emin Əmrullayevin əmri ilə Ceyhun Kərəmov Peşə Təhsili üzrə Dövlət Agentliyinin bu dəfə əməlli-başlı direktoru təyin edildi. Yox, bu hələ son deyildi və yenə nazir Əmrullayevin əmri ilə 2025-ci ilin 1 oktyabr tarixində Ceyhun Kərəmov vəzifədən çıxarıldı. Bütün bu illər ərzində işə qəbul və çıxarılmaların heç birinin səbəbi açıqlanmayıb. Kərəmovdan sonra yenə Emin Əmrullayevin qərarı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi müavin Simnar Mamedova həvalə olunub. Hazırda Emin Əmrullayevin bu posta nə zaman direktor təyin edəcəyi, hansı qərar verəcəyi müəmmalıdır. Göründüyü kimi, Peşə Təhsili üzrə Dövlət Agentliyi Emin Əmrullayevin kadrları üçün bir tramplin hesab olunur, gəlirlər 1 il işləyirlər və hansısa yüksək vəzifələrə göndərilirlər. Amma unuduruq ki, təhsil sistemi və onun idarə olunması mütləq peşəkar və təcrübəli, bu sahəni bilən, müəllim-tələbə kontingentinin xüsusiyyətlərini anlayan, layihələrin sağlam icrasını bacaran və ən əsası bu sistemdə sevilən, sözünün çəkisi olan birinə həvalə olunmalıdır. Görünür, hələ də Peşə Təhsili üzrə Məncə Simnar müəllimin bu araşdırmaları etmək, günahkarları cəzalandırmaq, sistemə əməlli əl gəzdirmək, direktorları tənbehləmək, onların qarşısında konkret tələblər qoymaq, tələbə, müəllim narahatlığını araşdırmaq və cavablandırmaq kimi imkanları və vaxtı var. Bu sistemin təmizlənməsi, daha böyük uğurların qazanılması üçün bu günlər həm də bir şansdır. Şansları dəyərləndirmək üçün zamana ehtiyac yoxdur, fürsətlərdən istifadə etmək yetərlidir. "DİA-AZ" Geri qayıt |