Əsas Səhifə > Manşet / Araşdırma / Güney Press > Əmrullayevin əmrindəki təhsilimiz...

Əmrullayevin əmrindəki təhsilimiz...


Dünən, 16:10

Müəllimlər artıq dərs deməkdən çox, təqdimat yazmaqla məşğuldur. Sinifdə bir uşaq icazə istəyir — müəllimdən soruşulur: “Təqdimat varmı?”
Sinif iclası keçirmək istəyir — “Əvvəl təqdimat, sonra protokol.”
Sinifdə kim çıxış edib? Əvvəl “ad-soyadla” yaz. Sonra deyirlər: “Elə olmaz, UTİS kodları ilə yaz.” Onu da yazırsan. Ardınca göstəriş gəlir: “İndi hamısını Excel-də yaz.”

Müəllim artıq Excel, Word, PDF, KSQ, BSQ, UTİS arasında itib-batıb. Hər dəfə yeni “tapşırıq”, yeni format, yeni versiya.
Bir KSQ işləyirsən — deyirlər: “Tarixləri düz yaz, təqdimatla birlikdə göndər.”
Sonra — “O təqdimatı Excel-də işləyin, yenidən göndərin.”
Bir az sonra — “KQS-nin PDF versiyasını çıxarın, direktor möhürləsin.”
Hətta o qədər gedib çıxıb ki, indi müəllimdən tələb olunur: möhürlənmiş sənədin şagird sayı qədər çıxarışı!

Bu qədər kağız təlatümü arasında müəllimin dərs deməyə nə vaxtı qalsın?

Və sonda yenə bir “yenilik”: “KSQ-ləri Word-də işləyin, atın. Biz onlardan suallar çıxarıb BSQ hazırlayacağıq.”
Artıq müəllim gülürmü, ağlayırmı, özü də bilmir. Təhsil sistemi rəqəmsallaşma adı ilə müəllimi kağız quluna çevirib.

Tehsilmedia.az bildirir ki, sual yaranır: bu qədər təqdimat, excel, pdf, protokol, möhür, çıxarış, kod — təhsil keyfiyyətinə nə verir?
Müəllim öyrədən deyil, arxiv üçün sənəd tərtib edən əməkdaşa çevrilib.
ETN, MÜTDA və ARTİ-nin əməkdaşları üçün bəlkə bir az “təqdimatın formatı” dəyişir, amma müəllim üçün hər dəyişiklik yeni bir stressdir.

Tehsilmedia.az qeyd edir ki, əgər müəllimin əməyini qiymətləndirmək istəyirsinizsə, ondan təqdimat yox, nəticə istəyin.
Kağızlar, kodlar, qrafalar içində müəllim yoxa çıxır,
şagird isə bu “təqdimat teatrı”nda statist rolunda qalır.

Təhsil idarəçiliyi bu qədər oyunla, bu qədər prosedurla müəllimi hörmətdən salır.
Müəllim artıq sual verir: “Mən müəlliməm, yoxsa katibə?”
Cavab isə hələ ki, gəlmir. Çünki hamı növbəti təqdimatı hazırlamaqla məşğuldur.


Geri qayıt