Əsas Səhifə > Manşet / Ölkə > "Artıq beş ildir ki, əməkhaqqımızda heç bir artım baş vermir"

"Artıq beş ildir ki, əməkhaqqımızda heç bir artım baş vermir"


3-11-2025, 09:44

SOCAR – Geofizika və Geologiya İdarəsi Neft Daşları Ekspedisiyası Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimova Neft Daşları Ekspedisiyasının kollektiv üzvləri adından müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:

"Hörmətli cənab Rəhimov, Biz, Neft Daşları Ekspedisiyasının kollektiv üzvləri olaraq, uzun illər ərzində peşəkar fəaliyyət göstərdiyimiz iş mühitində son dövrlərdə qarşılaşdığımız bir sıra məsələlərlə bağlı fikirlərimizi diqqətinizə çatdırmaq istəyirik. Hesab edirik ki, bu məsələlərin obyektiv şəkildə dəyərləndirilməsi iş şəraitinin və ümumi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə töhfə verə bilər.

1. Əməkhaqqı və iş rejimi

Artıq beş ildir ki, əməkhaqqımızda heç bir artım baş vermir. Bununla yanaşı, dəniz şəraitində çalışan digər idarə və müəssisələrdə 12 saatlıq iş rejimi tətbiq edildiyi halda, bizdə bu müddət əsassız olaraq 10,5 saata endirilmişdir. Normadan artıq iş saatlarının hesablanması zamanı mövcud qanunvericiliyin tələblərinə əməl olunmur. Əgər hava şəraiti və ya digər obyektiv səbəblərdən smen dəyişikliyi mümkün olmursa, əməkdaşlar sonradan istirahət günlərini öz hesablarına keçirməyə məcbur olurlar. Halbuki digər qurumlarda belə hallarda həm əlavə iş saatı, həm də smen yoldaşına “boş dayanma” haqqı ödənilir. Qeyd edək ki, digər idarələrdə fəhlə kateqoriyasına aid əməkdaşların saatlıq əməkhaqqı hesablanma prinsipləri bizim müəssisəmizdən fərqlidir və bu fərq nəticəsində əməkhaqqı baxımından geri qalırıq.

2. Əlavə işlərə məcburi cəlbetmə

İstirahət günlərində işçilərin əlavə işlərə cəlb olunması və bu çağırışlara qatılmayan şəxslərə dolayı təzyiqlərin göstərilməsi həm etik, həm də hüquqi baxımdan narahatlıq doğurur.

3. Ədalətsiz ödəniş siyasəti

"Peşəkarlıq ödənişi" adı altında verilən əlavələrin yalnız dəstə rəislərinə şamil olunması, digər əməkdaşların isə bu sistemdən tamamilə kənarda qalması kollektivdə ciddi narazılıq doğurmuşdur. Bu ödənişlərin hansı meyarlara əsaslanaraq təyin edildiyinə dair şəffaflığın olmaması əməkdaşlar arasında haqlı suallar doğurur və ümumi motivasiyanı zəiflədir. Eyni və ya daha ağır iş şəraitində çalışan əməkdaşların bu ödənişlərdən yararlana bilməməsi həm ədalət prinsipinə ziddir, həm də komanda ruhuna mənfi təsir göstərir. Hesab edirik ki, bu tip ödənişlər obyektiv meyarlara əsaslanaraq, şəffaf və bütün əməkdaşların əməyini, sertfikatını və bu tip üstünlüklərini nəzərə almaqla tətbiq edilməlidir.

4. İş şəraiti və texniki təminat

İş sahələrində xadimə təmin edilmədiyindən mühəndis-texniki heyət təmizlik işlərini məcburən öz üzərinə götürür. Bu kimi məsələlər, zahirən kiçik görünsə də, əməkdaşların gündəlik iş fəaliyyətinə ciddi təsir göstərir.

5. Ədalətli bölgü və qərarların verilməsi

İş bölgüsü və qərarların qəbulu prosesində şəffaflıq və ədalət prinsiplərinə riayət olunmaması əməkdaşlar arasında inamsızlıq yaradır və kollektiv harmoniyasını pozur.

6. Məzuniyyət bölgüsünün razılaşdırılmadan aparılması

Uzun illərdir ki, məzuniyyət bölgüsü eyni qaydada həyata keçirilir və yalnız təqribən altı ay fərqlə dövrəvi olaraq dəyişdirilir. Məsələn, bu il məzuniyyət may ayında təyin olunmuşdursa, növbəti il noyabr ayında müəyyən edilir. Bu praktika illərdir davam edir və bir çox hallarda işçilə razılaşdırılmadan həyata keçirilir. Halbuki, Əmək Məcəlləsinin tələblərinə əsasən, illik əsas məzuniyyətin vaxtı əməkdaşla qarşılıqlı razılaşma əsasında müəyyən edilməlidir. Məzuniyyət bölgüsünün əvvəlcədən əməkdaşlarla müzakirə olunaraq, şəxsi və istehsalat maraqları arasında balansın qorunması daha məqsədəuyğun və ədalətli olardı.


Hörmətli cənab Rəhimov, Yuxarıda sadalanan məsələlər hər bir əməkdaşın gündəlik fəaliyyətinə birbaşa təsir göstərir. Əminik ki, bu problemlər tərəfinizdən obyektiv və diqqətlə dəyərləndiriləcək, onların aradan qaldırılması istiqamətində müvafiq addımlar atılacaqdır.

Sonda qeyd etmək istərdik ki, Sizə olan etimadımız idarəetmədə şəffaflıq, ədalət və əməkdaşlara qarşı diqqətin əsas prinsipləri kimi önə çəkiləcəy, mövcud çatışmazlıqlar aradan qaldırılacaq, əməkdaşların əməyinə layiqincə qiymət veriləcək və səsləndirdiyimiz fikirlər xoş niyyətlə qarşılanacaq". 


Geri qayıt