Əsas Səhifə > Manşet / Ölkə > Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi UCDANTUTMA RÜŞVƏT BURULĞANINDA
Naxçıvan Qida Təhlükəsizliyi Agentliyi UCDANTUTMA RÜŞVƏT BURULĞANINDABu gün, 10:42 |
Yerli Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şərur rayonunda fermerlərə hədə-qorxu gələrək, onlardan rüşvət toplayırlar. Bu rüşvətxor məmurların hədəfi mal-heyvan bazarlarına, iaşə obyektlərinə və digər satış yerlərinə, məhsul çıxaran fermerlərdir.
Bu haqda “Gündəlik Naxçıvan”a bir qrup şərurlu fermer məlumat verib.
Fermerlər deyirlər ki, əməkdaşlar günün 24 saatını yolda durub, bazara maşınla məhsul aparan fermerlərdən pul tələb edirlər. Bunun qarşılığında isə, guya onlar labaratoriya baxışından keçdi deyə, kağız verirlər. Ödənilən pula görə isə, heç bir sənəd təqdim olunmur.
Fermer Bahadur Qasımov deyir ki, rüşvət vermək istəməyənlərə guya məhsulun yararsız olması ilə bağlı akt yazıb, cərimələyirlər:
“Əvvəllər belə bir şey yox idi. Baş verənlərin hamısı qanunsuzdur. Gecənin yarısı bazara mal-qara aparırsan qəfildən çıxırlar maşının qarşısına. Yoxlama aparmadan ancaq pul tələb edirlər. Etiraz edəndə də çıxarıb satış üçün yarasız olması ilə bağlı akt yazıb, küllü miqdarda cərimələməklə hədələyirlər. Məcbur qalıb, dedikləri pulu veririk. Yoxlama da tələb edəndə kinayə ilə gülüb, ciblərindən bir qəbz çıxarıb deyirlər ki, “laboratoriya cibimizdə, yoxladıq, məhsul yararsızdır.”
Digər fermer Murad Həsənov deyir ki, satışa çıxarılan hər heyvanın öz rüşvət qiyməti var:
“İribuynuzlu heyvanın hər birinə 25, xırdıbuynuzlu üçün isə, 10 manat rüşvət tələb edirlər. Artıq bezmişik. Hara gediriksə, qarşımıza çıxıb, rüşvət istəyirlər. Həqiqi yoxlama aparılsa, başa düşmək olar. Heç bir yoxlama aparmadan pul tələb edirlər. Bu səbəbdən bazara xəstə məhsullar da çıxarılır. Dabaq xəstəliyinin yayıldığı indiki vəziyyətdə bu çox təhlükəlidir.”
Fermerlər Şərur şəhər mal bazarında və ətraf kəndlərdə baş verənlərin araşdırılmasını, agentliyin əməkdaşlarının fəaliyyətinin yoxlansın, rüşvət alanların məsuliyyətə cəlb olunmasını tələb edirlər.
Geri qayıt |