Əsas Səhifə > Manşet / Siyasət > Burda əməlli-başlı BAZAR AÇIBLAR...
Burda əməlli-başlı BAZAR AÇIBLAR...Bu gün, 08:56 |
Son dövrlərdə Qazax Dövlət Sosial-İqtisadi Kollecində təlim-tərbiyə prosesinə kifayət qədər nəzarət olunmadığı açıq-aşkar müşahidə edilir. Məktəbi bitirib həyata atılan gənclər bu gün milli musiqimizə deyil, rep və meyxana üslublu mahnılara üstünlük verirlər. 32gun.az xəbər verir ki, bu isə təhsil müəssisəsinin əsas vəzifələrindən biri olan milli-mənəvi tərbiyənin geridə qalmasının əyani göstəricisidir. Məsələni daha da ciddi edən isə kollecin rəhbərliyinin, xüsusilə direktor Elşad Quliyevin məktəbə lazımi diqqət yetirməməsidir. Görünür, Elşad Quliyevin başı daha çox şəxsi maraqlara və Qazaxda obyektlər, bahalı evlər tikdirməyə qarışıb. Nəticədə, tələbələr arasında milli-mənəvi tərbiyənin zəifləməsi və gənclərin milli dəyərlərə biganə yanaşması müşahidə olunur. Təəssüf ki, yalnız təhsil verməklə kifayətlənən bir yanaşma burada yetərli deyil. Təhsil müəssisələri gəncləri milli ruhda yetişdirmək, vətənpərvər etmək və gələcək nəsli mədəni dəyərlərə hörmət ruhunda tərbiyə etmək missiyasını da daşıyır. Bu baxımdan Qazax Dövlət Sosial-İqtisadi Kollecində mövcud boşluqlar ciddi narahatlıq doğurur və dərhal tədbir görülməlidir. Durumu daha da kəskinləşdirən məsələ isə sosial şəbəkələrdə yayılan videolar (cavid1999 TikTok hesabı ilə paylaşıblar) və şərhlərdə özünü göstərir. Bəzi tələbələr açıq şəkildə iddia edirlər ki, imtahanlarda 200–300 manat pul tələb olunur. Şərhlərdə qeyd olunur ki, bu ödənişlər yalnız qiymət üçün tələb olunur və gizli şəkildə təşkil edilir. Tələbələrin rəyinə görə, pul yığımı həm fənn müəllimləri, həm də bəzi hallarda rəhbərliyin müəyyən dairəsi vasitəsilə həyata keçirilir. Bu hallar təhsil prosesinə, tələbələr arasında ədalət prinsipinə və kollecin nüfuzuna ciddi zərbə vurur. Cəmiyyətin, valideynlərin və mədəniyyət ictimaiyyətinin gözləntisi ondan ibarətdir ki, kollecin rəhbərliyi dərhal bu hallara diqqət yetirsin, rüşvət iddialarını araşdırsın və gəncləri milli dəyərlərə hörmət ruhunda tərbiyə etmək məsələsini prioritetə çevirsin. Milli musiqi, mədəni irs və dəyərlərin qorunması yalnız mədəniyyət ocaqlarının deyil, bütün təhsil müəssisələrinin vəzifəsidir. Qazax Dövlət Sosial-İqtisadi Kollecində baş verən bu halların araşdırılması, aidiyyəti qurumların müdaxiləsi və tələbələr üçün şəffaf və ədalətli imtahan mühitinin yaradılması zəruridir. Əks halda, bu cür boşluqlar həm milli-mənəvi tərbiyəyə, həm də gələcək nəsil üçün təhsil sisteminin etibarlılığına ciddi zərbə vuracaq. Xatırladaq ki, mətbuatda, eləcə də Sosial şəbəkələrdə rayona məxsus qrup və səhifələrdə yayılanlara görə Kollec direktoru Elşad Quliyevin Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarovaya arxalandığı yazılıb. Onu da xatırladaq ki, 2024-cü il 14-16 noyabr tarixlərində Gəncə, Qazax, Tovuz və Bakı Dövlət Universitetinin nəzdindəki kolleclərdə monitorinq keçirilib. Aşkarlanan nöqsanlara görə rəhbər şəxslərə şiddətli töhmət və xəbərdarlıq verilib. Mətbuatda yayılan məlumatlara görə, həmin vaxt Qazax Dövlət Sosial-İqtisadi Kollecin direktoru Elşad Quliyevə də şiddətli töhmət verildiyi bildirilir. Geri qayıt |